Milli Məclisin deputatı Ağalar Vəliyev Qurban bayramı münasibətilə 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsinin seçicilərinə təbrik ünvanlayıb və onlara ən xoş arzularını yetirib.
"Artıq üçüncü ildir ki, xalqımız bu bayramı möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyilə Vətən Müharibəsində əldə etdiyimiz böyük zəfərdən irəli gələn qalibiyyət ovqatı və işğaldan olunmuş torpaqlarımızda əzmlə aparılan bərpa və yenidənqurma işlərindən, eləcə də Böyük Qayıdışımızdan doğan qürur və fəxarət hisslərilə qeyd edir. Azərbaycan xalqı müzəffər xalq, Azərbaycan dövləti isə qalib dövlət kimi bundan sonra da əbədi yaşayacaq. QURBAN bayramı günlərində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur və igid qazilərimizə şəfa dilənir", deyə Ağalar Vəliyev bildirib.
Həmçinin, Ağalar Vəliyevin təşəbbüsü və dəstəyi ilə Qurban bayramı münasibətilə Goranboy, Ağdam və Tərtər rayonlarının 97 saylı Seçki Dairəsinə daxil olan 30-dan çox yaşayış məntəqəsində 1 015 şəhid, qazi, əlil və aztəminatlı ailəyə təbrik açıqcaları ilə birgə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb.
Seçicilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib və bu kimi aksiyaların bundan sonra da mütəmadi olaraq davam etdiriləcəyi onlara bildirilib.