Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb.
MilliYol.az xəbər verir ki, bunu Rusiyanın “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib.
Priqojin vurğulayıb ki, onun tabeliyində olanlar aldadılıb və döyüşçülərin hücumunun qarşısı alınıb.
“Bu gün bizim “sınmadığımızı” görüb arxa düşərgələrimizə zərbələr, raket zərbələri endiriblər. Çoxlu sayda döyüşçülərimiz, döyüş yoldaşlarımız həlak olub. Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir”.
Rusiya Müdafiə Nazirliyi Priqojinin bəyanatını təkzib edərək qeyd edib ki, döyüşçülərin arxa düşərgələrinə zərbə endirilməsi barədə məlumat təxribat xarakterli informasiyadır və reallığı özündə əks etdirmir.
Yevgeni Priqojin Rostova daxil olduqlarını, qarşılarına çıxan hər şeyi məhv edəcəklərini bildirib. Onun sözlərinə görə, sərhədçilər “Vaqnerçi”lərə müqavimət göstərməyib: “25 minlik ordu ilə Moskvaya doğru hərəkət edirik. Onlar bizi qarşılayıb, qucaqladılar. Sona qədər gedirik. Biz uşaq qatili deyilik. Uşaq qatili Şoyqudur (Rusiyanın müdafiə naziri Sergey Şoyqu – Qeyd ). O, 18 yaşlı uşaqları döyüş meydanına atır”.
“Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı vurğulayıb ki, Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov təyyarələri havaya qaldırmaq və mülki əhali arasında hərəkət edən kolona atəş açmaq əmrini verib: "Pilotlar əmrə tabe olmaqdan imtina ediblər. Onlar üçün mülki vətəndaşları öldürmək heçnədir".
Artıq Yevgeni Priqojinə üsyana təhrik maddəsi ilə cinayət işi açılıb. Bu barədə Rusiya Milli Antiterror Komitəsindən məlumat verilib.
Komitə Priqojini qanunsuz hərəkətlərə son qoymağa çağırıb: “Yevgeni Priqojinin adından yayılan iddiaların heç bir əsası yoxdur. Bu bəyanatlarla əlaqədar Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Biz qanunsuz hərəkətlərə dərhal son qoyulmasını tələb edirik”.
Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinə Priqojin ətrafındakı vəziyyət barədə məlumat verilib, bütün lazımi tədbirlər görülür.
Rostov şəhərində həftəsonu planlaşdırılan kütləvi tədbirlər ləğv edilib. Bunu Rostov vilayətinin qubernatoru Vasili Qolubev deyib.
Qolubev vətəndaşları şəhər mərkəzinə getməkdən çəkinməyə və evlərini tərk etməməyə çağırıb.
“Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojinin özü də Rostov şəhərindədir. İddiaya əsasən Rostov şəhəri “Vaqnerçi”lər tərəfindən ələ keçirilib.
“Vaqnerçi”lər Rusiya ordusuna məxsus iki helikopteri vurublar. Yevgeni Priqojin bildirib ki, Rusiya ordusunun helikopteri mülki karvana hücum edib, bundan sonra o, “Vaqner”in muzdluları tərəfindən vurulub.
İkinci helikopter isə Moskva şossesində vurulub. “Moskva şossesində hücum dəstələrindən birinə helikopterdən atəş açılıb. “Vaqner” PMC-nin bölmələrində hamı salamatdır, helikopter vurulub, meşə zolağında yanır. Hədəflərimiz var, hamımız, 25 min nəfər ölməyə hazırdır”, deyə Priqojin vurğulayıb.