“E and R Group” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təsisçisi ilə baş direktoru arasında dava düşüb.
Qaynarinfo-nun məlumatına görə, şirkətin Elçin adlı baş direktoru baş verən hadisə ilə bağlı polisə məlumat verib. Polis işi protokollaşdıraraq, məhkəməyə göndərib.
Elçin izahatında bildirib ki, “E and R” şirkətinin baş direktoru ola-ola təsisçi ona hədə-qorxu gəlməklə və güc tətbiq etməklə ərizə yazdıraraq, işdən çıxmasına məcbur edib: “Hazırda şirkətin təsisçisi Ramil Xanalıyevlə münasibətlərim pozulub. Belə ki, Ramil güclə mənə ərizəyə qol çəkdirməyə çalışıb. Mənə məxsus mağazanı almaq istəyib. Liftdən məni dartıb çıxarıb və kurtkamı da cırıb. Bu şəxsdən şikayətçidir”
Şirkətin təsisçisi Ramil Xanalıyev isə izahatında bildirib ki, Elçinin protokolda göstərilən xüsusatları həqiqətə uyğun deyil: "Mən sözügedən şirkətin təsisçisiyəm. Elçinə əlim belə dəyməyib, sadəcə ondan şirkətin möhürünü istəmişəm. Elçin isə qaçıb gedib. Bu zaman möhürü almaq üçün Elçinin arxasa qaçmışam. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş edirəm".
Nizami Rayon Məhkəməsinin hakimi Rauf Əhmədovun qərarı ilə Ramil Xanalıyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verib.
Qeyd edək ki, şirkət də Ramil və Elçin adlı şəxslərin baş hərifləri ilə yaradılıb.