Dövlət Gömrük Komitəsində daha bir vəzifəli şəxs işdən çıxarılıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, müvafiq əmrlə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, general-leytenant İsmayıl Hüseynov başqa bir vəzifəyə keçməklə əlaqədar tutduğu vəzifədən azad olunub.
İsmayıl Hüseynov Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə rəis müavini təyin edilib.
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi general mayor İlqar Abbasovdur.
Qeyd edək ki, İsmayıl Hüseynov 1974-cü ildə anadan olub. 1991-1996-ci illərdə Naxçıvan Dövlət Universitetinin istehsalın iqtisadiyyatı və idarəedilməsi fakultəsində iqtisadçı ixtisası üzrə ali təhsil alıb. 1995-ci ildən gömrük orqanlarında xidmətə başlayıb
İsmayıl Hüseynov 1999-2000-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 2001-ci ildə hərbi xidmətdən təxris olunduqdan sonra gömrük orqanlarında xidməti fəaliyyətini davam etdirərək müxtəlif vəzifələrdə çalışıb. 25 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Sonuncu vəzifəyə isə müvafiq əmrlə dünən gətirilib.
Ailəlidir, 2 övladı var.