Bakıda məşhur "Sarı Gəlin” şadlıq sarayı külli miqdarda cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 17 mart 2023-cü il tarixdə keçirilən monitorinq zamanı "Sarı Gəlin” şadlıq sarayında atmosferə atılan dəm qazının miqdarı yol verilə bilən normativlərdən artıq olması müəyyən edilib. Restoran barəsində protokol tərtib edilərək, iş məhkəməyə göndərilib.
Nizami rayon Məhkəməsinin 4 may 2023-cü il tarixli qərarı ilə restoran rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirli bilinib, cərimə inzibati tənbeh növü tətbiq edilib. İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə görə ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarı yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər 2.500 manatdan 4.000 manatadək məbləğində, hüquqi şəxslər isə 10.000 manatdan 12.000 manatadək məbləğində cərimə edilir.
Qərardan narazı qalan restoran rəhbərliyi vəkil vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayyət verib. Vəkil həmin ərazidə bir neçə iaşə obyektinin fəaliyyət göstərdiyini, ölçmə cihazının yerdə yerləşdiyini nəzərə alaraq, havaya atılan zərərli maddələrin məhz "Sarı Gəlin” restoranın fəaliyyəti nəticəsində əmələ gəldiyini cihazın necə müəyyənləşdirdiyinə ciddi şübhələrin olduğunu deyib. Lakin apellyasiya qaydasında verilmiş şikayət təmin edilməyib.