Şamaxı rayonu Bağırlı bələdiyyəsinin sədrinin ölkədən çıxışı məhdudlaşdırılıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, buna səbəb bələdiyyə sədri Cəbrayılov Namiq İlyas oğlunun 2563 manat vergi borcunu ödəməməsi olub. Bələdiyyə sədrinin dövlət büdcəsinə 5,52 manat, Dövlət Sosial Müdafiə Fonduna 2227,2 manat, İşsizlikdən Sığorta Fonduna 96,3 manat, İcbari Tibbi Sığorta Fonduna 335,36 manat borcu var.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin 1988-ci il təvəllüdlü Namiq Cəbrayılovun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxılıb.
Məhkəmədə Namiq Cəbrayılov ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında idarənin ərizəsini əsassız hesab edib. O, sədri olduğu bələdiyyənin işçilərinin 2022-ci il üzrə yalnız bir ay əmək haqqı aldığını bildirib. Bu səbəbdən də dövlət büdcəsinə vergi borcunu ödəyə bilmədiyini deyib.
Məhkəmənin qərarı ilə Namiq Cəbrayılovun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.