Bakı-Şamaxı avtomobil yolunda yeni torpaq sürüşməsi faktı qeydə alınıb.
APA-nın yerli bürosunun xəbərinə görə, yolun bir neçə yerində, o cümlədən Ağsu aşırımında sürüşmə aktivliyi hər gün müşahidə olunur, yolun hərəkət hissəsində və kənarlarda iri çatlar əmələ gəlib. Lakin, bu yaxınlarda ilk dəfə olaraq yolun 106-107 və 109-cu kilometirlik hissəsində torpaq sürüşməsi baş verib. Bu ərazidə hər gün davam edən sürüşmə hazırda daha təhlükəli həddə çatıb. Sürücülərin sözlərinə görə, yeni sürüşmə zonasında torpaq axını hər gün davam edir, dağdan axan torpaq qatı yol kənarındakı istinad divarlarının üzərindən aşaraq avtomobil yoluna tökülür və nəticədə avtomobillərin hərəkəti üçün çətinlik yaranır.
Hazırda yolun qeyd edilən hissəsinə "Şamaxı 9 saylı Yol İstsmar" MMC nəzarət edir. İdarənin işçiləri torpaq sürüşməsinin baş verdiyi yerdə avtomobillərin hərəkətinin məhdudlaşmaması üçün ağır texnikaların vasitəsilə təmizləmə işləri görür. Dağdan yola axan torpaq kütləsi ağır texnikalar vasitəsilə ərazidən daşınır. Müşahidələr göstərir ki, yola axan torpaq kütləsi bir həftə ərzində tam təmizlənməzsə, avtomobil yolu bağlanacaq. Məlumata görə, ərazidə hər gün aktivlik müşahidə olunur. Hər gün minlərlə avtomobilin hərəkət etdiyi bu yol torpaq sürüşməsi nəticəsində dağılma təhlükəsi ilə üz-üzə qalıb. Yolun bir neçə yerində böyük çatlar əmələ gəlib.
Sözügedən ərazidə baş verən torpaq sürüşməsi nəticəsində 25-30 metr dərinliyində, 70-80 metr enində hissə çöküb. Dağdan axan torpaq qatının magistiral yola tökülməməsi üçün əraziyə hündür istinad divarı çəkilib.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının ekzogen-geoloji proseslərlə bağlı apardığı müşahidələrə əsasən məlum olub ki, son bir ayda Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də sürüşmə sahəsinin bir neçə yerində uçqun-töküntü baş verib, sürüşmə sahəsi üzərində olan çatların parametrlərində artım qeydə alınıb. Şamaxının Cabanı və Dədəgünəş kəndləri ərazisindəki sürüşmə sahələrinin dinamikasında aktivləşmə var. Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyində sürüşmə aktivləşib, ərazidə bir neçə yerdə yeni lokal sürüşmə sahələri əmələ gəlib. Rayonun Muğanlı sürüşmə sahəsində mövcud olan çatların ölçülərində nisbi artım qeydə alınıb. Şamaxıda Çuxuryurd-Qızmeydan avtomobil yolunun 4, 6 və 10-cu km-də sürüşmə-çökmə prosesi baş verib, aktivlik hələ də davam edir.
MilliYol.Az
Digər xəbərlər
loading...