Elm və təhsil naziri Emin Əmrullayev “Son zəng” tədbirləri haqqında əmr imzalayıb.
MilliYol.az xəbər verir ki, əmrə əsasən, “Son zəng” tədbiri 14 iyun 2023-cü il tarixdə hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq.
“Son zəng” tədbirinə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin dəvət olunması ümumi təhsil müəssisəsinin rəhbərlərinə tövsiyə edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri, Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri “Son zəng”in keçirilməsi müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görülməsi tapşırılıb.
Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə olunub.