Quba rayonunun Alekseyevka kəndində yaşayan Nuray Əvəz qızı Bayramzadəyə qarşı zor tətbiq edən məhkəmə icraçıları cəzalandırılacaq.
Bu barədə virtualaz.org saytına icra başçısının müavini Yusif Abidov məlumat verib.
Onun sözlərinə görə, hadisədən sonra tərəflər və məhkəmə icraçıları icra hakimiyyətinə çağırılıb. “Məhkəmənin qərarı olsa belə, azyaşlıya qarşı zor tətbiq etmək olmaz. Ortada zorakılıq varsa, buna yol verənlər cəzalandırılacaq”, - Y.Abidov deyib.
Nurayı böyüdən xalasının həyat yoldaşı, uşağın atası bildiyi Eldar Eldarov isə saytımıza bildirib ki, Ali Məhkəmənin qərarı ilə Nuray atasına verilib. “İndiyədək həm Qubada, həm də Bakıda onlarla məhkəmə iclası keçirilib. Ata uşağa görə aliment ödədiyini deyir, məhkəmə də bunu əsas götürüb. Halbuki, saxta sənədlər göstərilir, guya ki, ata ayda 10-13 manat ödəniş edibmiş. Nuray 9 aylığından bizdədir”, - E.Eldarov söyləyib.
Quba Rayon İcra Hakimiyyəti uşağın atadan alınaraq xalasına verildiyini söyləsə də, uşaq qalmaqallı videonun çəkildiyi vaxt atanın əlindən çıxaraq xalanın yanına qaçıb. Eldarov atanın prinsip apardığını, illər ərzində bir dəfə də olsa uşaqla maraqlanmadığını da bildirir. “Atanın anası, qohumları bizim kənddə yaşayırlar, bir dəfə də olsa, uşaqla maraqlanmayıblar. Məhkəmədə uşaq da izahat verdi və atasını istəmədiyini dedi. Amma məhkəmə Nurayın 10 yaşının tamam olmadığını əsas gətirərək fikirlərini əsas saymadı. Uşaq buzun üstündə ayaqyalın qaçıb xalasının yanına gəldi”.
Nurayın anası xərçəng xəstəliyindən dünyasını dəyişib. Ailə iddia edir ki, qadın xəstələnən kimi həyat yoldaşı onu atıb gedib. 9 aylıq Nurayla bacısının evində qalan qadın 2 il sonra dünyasını dəyişib. O gündən Nuray xalasının himayəsində yaşayır. Hazırda onun psixoloji sarsıntı keçirdiyi bildirilir. Uşaq atasının qorxusundan məktəbə də getmir.
Qeyd edək ki, Nurayin atası Əvəz Bayramzadə Bakıdakı 5 saylı doğum evində həkimdir. Ümumilikdə, indiyə kimi 3 dəfə evli olub.
MilliYol.Az
Digər xəbərlər
loading...