Salyan rayonunda qətldə şübhəli bilinən şəxsin oğlu saxlanılıb.
Salyan rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, 2015-ci ilin noyabrında Elçin Qasımov adlı şəxsi qətlə yetirərək həyətində basdırmaqda şübhəli bilinən Rövşən Cavadovun oğlu Ağacavad Cavadzadə barəsində Cinayət Məcəlləsinin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə cinayət işi başlanıb.
Salyan rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
APA-nın əldə etdiyi məlumata görə, A. Cavadzadə hərbi xidmətdə olub və ordudan geri çağırılaraq həbs edilib.
Qeyd edək ki, Salyan rayonunda 2015-ci ilin noyabr ayında itkin düşdüyü bildirilən 26 yaşlı Qasımov Elçin Mirqələm oğlunun meyiti rayon sakini Cavadov Rövşən Cavad oğlunun həyətində aşkarlanıb.
Rövşən Cavadovun keçmiş polis əməkdaşı olduğu bildirilir.
Salyan rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, daxil olan məlumat əsasında həyata keçirilən araşdırmalar zamanı qətlin rayon sakini Rövşən Cavadov tərəfindən törədilməsi müəyyən edilib. Bildirilib ki, R. Cavadov E. Qasımovu öldürdükdən sonra onu öz həyətində basdırıb və ölkəni tərk edib.
Hazırda onun xarici ölkələrdən birində gizləndiyi bildirilir.
R. Cavadov Salyan rayon bələdiyyəsinin keçmiş sədr müavini Rafiq Cavadovun qardaşıdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin həmin qətl hadisəsi barədə yaydığı məlumatda bildirilir ki, 2015-ci il noyabr ayının 11-də Salyan şəhərində yaşayan Elçin Qasımov evdən çıxıb və geri qayıtmayıb.
Araşdırmalarla həmin gün E.Qasımovun qonşusu Rövşən Cavadovun şəhər ərazisində yaşadığı evdə olarkən aralarında baş vermiş münaqişə zəminində sonuncu tərəfindən bıçaqla qətlə yetirilməsi və həyətdə basdırılması müəyyən edilib.
E.Qasımovun cəsədinin qalıqları eksqumasiya edilib.
Araşdırmalar zamanı R.Cavadovun Almaniyada olması müəyyən edilib, hazırda onun tutularaq ölkəyə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə APA-ya bildirib ki, faktla bağlı dərhal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Meyitin şəxsiyyətinin dəqiqləşdirilməsi və cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi məqsədi ilə zəruri, təxirəsalınmaz istintaq əməliyyat tədbirləri həyata keçirilir.
MilliYol.Az
Digər xəbərlər
loading...