Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, həbsdə olan polkovnik Zaur Mirzəyevə hökm oxunub və o, 3 il 6 ay müddətinə müddətinə azadlıqdan məhrum edilib.
"Report" xəbər verir ki, bu barədə hökm hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, ötən prosesdə prokuror təqsirləndirilən şəxsin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, Z.Mirzəyev ötən ilin avqustun 17-də saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.
İttihama görə, Z.Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq, qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.
Zərərçəkmiş qismində FHN və iki qadın tanınır.