Göyçay rayon Qarabaqqal bələdiyyəsinin sabiq sədri Ramin Nəbiyev, Qarabaqqal kəndi üzrə sabiq icra nümayəndəsi Qurban Kərimov və ETSN-nin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sabiq aparıcı məsləhətçisi Mübariz Hacıyevin barələrindəki hökmdən kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək iclas mayın 24-nə təyin edilib.
Kassasiya şikayəti hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Nəbiyev 8 il 6 ay, Qurban Kərimov 8 il, Mübariz Hacıyev isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, Ramin Nəbiyev vəzifədə işləyərkən Qurban Kərimov və Mübariz Hacıyev ilə qabaqcadan əlbir olaraq bələdiyyənin mülkiyyətində olan dağlıq ərazidə yerləşən torpağın faydalı üst münbit qatının qanunsuz olaraq daşınmasına icazə verilməsi və buna müvafiq şəraitin yaradılması müqabilində ümumilikdə 9 min manat məbləğində pul vəsaitini rüşvət qismində tələb edib aldığına görə 17 aprel 2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.
İş üzrə toplanmış sübutlar əsasında Ramin Nəbiyev, Qurban Kərimov və Mübariz Hacıyevə 17 aprel 2021-ci il tarixdə CM-nin 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilmiş və məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.