Bir neçə gün əvvəl Zaqatala rayonunun kəndlərindən birində qəribə hadisə baş verib.
MilliYol.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, Zaqatala rayon sakini Z.Şıxıyeva (şərti) gecə saat 01 radələrində polisə müraciət edərək sərxoş halda olan iki qadının onun evinə gələrək səs-küy saldığını və həyat yoldaşını axtardıqlarını bildirib.
Dərhal hadisə yerinə polis əməkdaşları yollanıb. Məlum olub ki, həqiqətən 2 qadın sərxoş vəziyyətdə Z.Şıxıyevanın evinə basqın edərək insident yaradıb. Polislər həmin qadınları intizama dəvət etsələr də, onlar tabesizlik göstəriblər və bir neçə saat ərzində səs-küy salmağa, Z.Şıxıyevadan ərini oraya gətirməsini tələb etməyə davam ediblər.
Bundan sonra onlar saxlanılaraq Zaqatala Rayon Polis Şöbəsinə aparılıblar. Araşdırmalar zamanı məlum olub ki, onlar Zaqatala sakinləri 1990-cı il təvəllüdlü R.M. və 1989-cu il təvəllüdlü Z.B-dır. Onlar verdikləri ifadələrdə bildiriblər ki, həmin gün Emin (şərti) adlı tanışları ilə Zaqatalanın Yuxarı Tala kəndində yerləşən restoranlardan birində yeyib-içiblər. Bu zaman Emin qadınlardan restoranın hesabını vermək və siqaret almaq məqsədilə 75 manat pul alaraq kabinetdən çıxıb. Eminin qayıtmadığını görən qadınlar onu axtarmağa başlayıblar və həmin şəxsin çıxıb getdiyi məlum olub.
Bundan əsəbiləşən qadınlar soraqlaşaraq Eminin evini tapıblar və onun yaşadığı yerə yollanıblar.
Zaqatala RPŞ-də saxlanılan qadınların hər biri barədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Onlar daha sonra Zaqatala Rayon Məhkəməsinə göndəriliblər. Hakim Tural Həsənovun sədrliyi ilə baxılan protokollara əsasən hər iki şəxs 150 manat cərimə edilib və onların məhkəmə zalından azadlığa buraxılmasına dair qərar çıxarılıb.