Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nəsibə Zeynalova küçəsində yerləşən yaşayış binası qəzalı vəziyyətdədir. Sakinlər binanın mövcud vəziyyətindən narahatdırlar.
Mənzillərdəki döşəmələrin taxtası aralanıb, baxan zaman su dolu zirzəmi görünür.
Sakinlər bildirir ki, bu mənzil 2 ildir təmir olunub. Ancaq indi bu hala düşüb.
Onların sözlərinə görə, dəfərlərlə aidiyyəti qurumlara müraciət edilib, ancaq hələ də bir nəticə yoxdur.
Sabunçu Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, 1922-ci ildə inşa olunmuş ikimərtəbəli, 27 mənzilli bina qəzalıdır və istismar üçün təhlükəlidir.
Sakinlərinin köçürülməsi üçün Maliyyə Nazirliyi tərəfindən hər kvadratmetri üçün 1000 manat məbləğində vəsait ayrılıb. Ancaq sakinlər tərəfindən sənədsiz əlavə tikililər üçün kompensasiya ödənilməsi tələb olunduğundan onlarla qarşılıqlı razılıq əldə edilməsi mümkün olmayıb. Baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə zəruri tədbirlərin görülməsi üçün Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə məktub göndərilib.
Qeyd edək ki, bina bu birliyin balansındadır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: