“Xəzər Lənkəran”ın nəyi gözə batdı? Ssenari müəllifləri və baş rol ifaçıları eynidi. Mövsümün və zamanın tələblərindən asılı olaraq qurbanlar dəyişir. Bir neçə il bundan əvvəl "ayının min oyunu” "Rəvan”ın başı üzərində fırlanırdı. Bu dəfə hədəf "Xəzər Lənkəran” oldu.
Ramil Diniyev də bu iyrənc oyunlarda qurbandı. Elə "Xəzər Lənkəran"ın özü kimi. Onun "kəşf etdiyi" penaltidən xeyli əvvəl "gəmiçilər"in batırılmasına fərman verilmişdi. Nobel prospektində yerləşən "boz bina"da.
"Lisenziyası yoxdu” deyirlər. Kimin lisenziyası var? Bir gecənin içində "Sumqayıt”ı yoxdan var edənlər, aşağı dəstənin beşincisi ola-ola Premyer Liqaya dartanlar siz deyilsinizmi? Ona qalsa, "Sumqayıt”ın heç nəyi yoxdu. Ardıcıl iki mövsüm "Sumqayıt” elitadan düşməyə məhkum idi, amma düşürmədilər. Guya ki, orda yerli gənclər oynayırmışlar, Azərbaycan futbolunun gələcəyini yetişdirirmişlər. Bəs "Xəzər Lənkəran”da oynayanlar bizim futbolumuzun gələcəyi deyil?
"Futbolçulara borcu var” deyirlər. Hansı klubun futbolçularına borcu yoxdu? Uzağa getməyək, götürək elə "Qalatasaray”la "Milan”ı. Azərbaycanda da xeyli nümunələr taparıq. "İnter”i borclarına görə UEFA komandanı avrokuboklara buraxmadı. AFFA-nın büdcəsindən "bankirlər”ə pul ayırıb, xaricə səfərə göndərən adamlar "boz bina”da oturanlar deyildimi? "Bakı”nın futbolçuları maaşlarının verilməməsinə etiraz edib, oyunlara çıxmayanda Respublika stadionunun paltardəyişmə otağına gedən Elxan Məmmədov indi yaman etinasız olub. Eh dünya...
Ötən mövsüm "Kəpəz” lisenziyalaşdırmanın tələblərini yerinə yetirib” dedilər. Gəncə təmsilçisi bütöv mövsüm ərzində stadionun ot örtüyünə əncam çəkə, çarə tapa bilmədi. Komandanın baş məşqçisi dəfələrlə maliyyə problemlərindən, rəhbərliyinin etinasızlığından, heyətin kasadlığından şikayətləndi. Bilənlər bilir ki, "Kəpəz”də Mehman Allahverdiyev və Şahin Diniyev, bir də AFFA-nın maaşlı çalışanı Mikayıl Nərimanoğludan başqa söz deyiləsi, problem çözəsi kimsə yoxdu. Müşahidə Şurası filan hamısı gözdən pərdə asmaq üçün yaradılan qurumlardı. Komandanı ayaqda tutan da AFFA-dan gələn ianələrdi. Gələn mövsüm Premyer Liqada oynayacağı gözlənilən "Turan Tovuz”la "Zaqatala” da AFFA-nın dünyaya gəlməsi qaçılmaz olan arzuolunmaz "övladları”dı.
Nədir bu ayrı-seçkiliyin səbəbləri? Zaqatalaya, Tovuza, Gəncəyə, Sumqayıtda əl uzadan AFFA Lənkərana niyə ögey davranır? AFFA "Xəzər Lənkəran”a biganədi, ordakı futbol sevgisini, infrastrukturu görmək istəmir. Gözləri kor olub. Belə çıxır ki, "Xəzər Lənkəran”ın nəyisə AFFA-da oturanların gözlərinə girib, onları kor edib.
Nədir o gözə girən? "Ağ-yaşıl” rənglərə könül verən çoxminli azarkeşlər? "Gəmiçilər”in qısa müddətdə böyük sıçrayışa nail olub, Azərbaycanda futbol standarlarını dəyişdirməsi, paytaxtdan gələn buyruqlara əməl etməməsi? Sıradan bir Azərbaycan klubunun İstanbul nəhəngi "Beşiktaş”a qonaq olması, dağdan ağır "Fənərbaxça”nı özəl təyyarə ilə əyalətə gətirməsi? Lənkəranda yetişən Elnur Cəfərovun, Kamran Abdullazadənin, İbrahim Qədirzadənin və digər gənclərin səviyyələrini yüksəltməsi, "pasport dəllallarının” "milliləşdirdikləri” əcnəbilərdən daha parlaq görünməsi, bu gedişlə millinin əsas simalaranı çevrilmələri təhlükəsi? Ehtimallar yetərincədi. Saymaqla bitməz. Gümanım min yerə gedir. Amma birinin və ən vacibinin üzərində dayanıram...
... gözə batan "Xəzər Lənkəran”ın emblemi idi. Daha doğrusu emblemin üzərindəki lövbərin şiş ucları. AFFA-da oturanların gözünə həmin lövbərin ucları batırdı. "Xəzər Lənkəran”ı dağıtmaqla o şiş uclu lövbərə baxmaqdan, gözlərinə əziyyət verməkdən də xilas oldular. (sport7.az)
MilliYol.az
Digər xəbərlər
loading...