Gedirik! 13-14 mayda Naxçıvanda keçiriləcək kitab sərgisində iştirak üçün Naxçıvana gedirik.
Həvəsliyik! Sərgidən daha çox, yaxın qohumunun xeyir işinə, əzizinin gözəl gününə şahidlik etmək üçün gedən insanlar qədər həvəsliyik!
Həyəcanlıyıq! Bu ölkədə kiçikdən böyüyə hər kəsin marağında olan, ən azından bircə dəfə gedib görmək xəyalını qurduğu Naxçıvan torpağına ilk dəfə ayaq basacaqmış kimi həyəcanlıyıq!
Sevincliyik! Elində obasında şənlik, toy büsat çadırları qurulan, gözəl bir hadisəni qeyd etməyə hazırlaşan adamlar qədər sevincliyik!
Qürurluyuq! Kitabı yazanların, kitab oxuyanların, "oxumağı-yazmağı bilənlərin” diyarında kitab adına, elm adına neçə illərdən sonra təşkil edilən böyük bir tədbirin bir hissəsi olmaqdan qürurluyuq!
Bu gözəl tədbiri 24 üzvü olan "Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi”- ANAİB təşkil edib. Tədbirin qonaqlarını Naxçıvan şəhərindəki tarixi məkanlarla, görülməli yerlərlə tanış etsinlər deyə, səfər sərgidən bir gün əvvəl, 12 mayda başlayır. Səhərin şəfəqləri təzəcə söküləndə təşkilatçılar və qonaqlar "göyə qalxıb” üzü Naxçıvana yola düşəcək. Səhərin ilk işıqlarında "göydən enib” Naxçıvan şəhərinə çatacaqlar. Qoca Naxçıvan dost kimi, doğma kimi gələn hər kəsi necə bağrına basıbsa, bu gözəl tədbirin iştirakçılarını da eləcə bağrına basacaq. Mehriban Naxçıvan əzizləyəcək, sirli Naxçıvan agah edəcək, gözəl Naxçıvan valeh edəcək "göydən gələn qonaqlarını”.
Bura gələn qonaqların ən sevimli yerləridir: Əcəmi seyrəngahı, Möminə Xatun türbəsi, ölməz Hüseyn Cavidin ev muzeyi. Naxçıvana gedənlərin "olmazsa, olmaz”ıdır Əshab-i Kəhf ziyarətgahı və möcüzəvi Duzdağ gəzintisi. Təşkilatçılar, xüsusən də əslən bu torpaqdan olan naşir, ictimai xadim Şəmil Sadiq əlbəttə ki, bu məkanların heç birini unutmayıb. Səfərin ilk günündə bütün bu məkanlar gəziləcək, ziyarət olunacaq. Ayın 13-ü isə "I Naxçıvan Kitab Sərgisi”nin rəsmi açılışı olacaq. Sərgidə yaşananlar haqqında, sərginin gedişi ilə paralel olaraq məlumat verəcəyik. İndi sadəcə bu gözəl bayrama öncədən bir baxış etmək, hisslərimiz yazıya tökmək istədim.
Əslində belə tədbirlər haqda ütülü cümlələrin iştirakı ilə, protokol qaydalarına uyğun mətnlərlə xəbər verilməsinə, yazılmasına öyrənmişik. Amma tədbir təşkilatçılarını və iştirakçılarını az-maz, əziz dostum Şəmil Sadiqi xeyli, özümü isə tam tanıdığımdan bilirəm ki, bu tədbir o tədbirlərdən olmayacaq. Stendləri açıb, adamları yığıb yazıb-pozmağa, "silməyə” gedilmir. Sözün əsil mənasında kitab bayramına, kitab şöləninə şahidlik edəcəyik, adım kimi əminəm!
"Dünyanı gəzdim, böyük salonlarda uca kürsülərdən şeirlər oxudum, ancaq, bircə dəfə doğulduğum Naxçıvana dəvət olunmadım! Olsun! Düz 40 ildən sonra Naxçıvana gedəcəyəm! Bu da belə bir ömürdür, yaşadım...”
Yuxarıdakı fikirlər böyük şairimiz Rüstəm Behrudinin "Facebook” sosial şəbəkəsində, "Naxçıvan Kitab Sərgisi”ndəki "İmza saatı” ilə bağlı paylaşımına yazdığı ürək sözləridir. Bu sözlər əslində ən başda yazdığım "həvəsliyik, həyəcanlıyıq, sevincliyik, qürurluyuq” sözlərinin də izahını verir. Bizim doğulduğumuz məmləkət, kitabı yazanların vətəni neçə illərdir ki, kitablı tədbirlərdən, kitablı hadisələrdən uzaq düşmüşdü. Demək ki, əslində şair Behrudinin təsbiti ilə desək, "40 il sonra, kitab öz Vətəninə qayıdır.”
Sərgidə kimlərin iştirak edəcəyi, hansı görüşlərin olacağı neçə gündür ki, ictimaiyyətə elan olunur. Odur ki, mən indilikdə bunlar haqda yazıb, sizi yormaq istəmirəm. Yuxarıda da qeyd etdiyim kimi, olanlardan mütləq xəbəriniz olacaq! Gözünüz, qulağınız bizdə olsun, yəni Naxçıvanda!
Əziz naxçıvanlılar, ANAİB-in təşkilatçılığı ilə keçirilən "I Naxçıvan Kitab Sərgisi” günləriniz, "kitab bayramınız” mübarək olsun! Evinizdə həmişə kitab olsun!
Çingiz Özgür
Digər xəbərlər
loading...