“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) paytaxt ərazisində məhəllədaxili yollarda və səkilərdə asfalt ortüyünün təmirinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Valyuta.az xəbər verir ki, tenderin qalibi “Xezer-Construction” MMC olub. Qurumla şirkət arasında imzalanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 2 508 631,35 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Xezer-Construction” MMC 26 fevral 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Qasım bəy Zakir küçəsi, ev 1130-da yerləşir. MMC-nin qanuni təmsilçisi Binnətov Rəmzi Rüfət oğludur.
20 aprel 2023-cü il tarixdə reystr məlumatlarına dəyişiklik edilib. Bu dəyişikliklə MMC-nin hüquqi ünvanı və qanuni təmsilçisi dəyişib. Bundan əvvəl “Xezer-Construction” MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Mətləb Ağayev küçəsi, ev 36, mənzil 1-də yerləşib. Şirkətin qanuni təmsilçisi isə Abışov İslam Məhəmməd oğlu olub.
Açıq mənbələrdə “Xezer-Construction” MMC barədə hər hansı məlumata rast gəlinmir. Rəmzi Binnətova gəlincə, o, Vətən müharibəsi iştirakçısıdır. 2021-ci ildə Yevlax Gənclər Evinin “Facebook” səhifəsində paylaşılan məlumatda bildirilir ki, "Post-travmatik stress pozuntusu" mövzusunda sosial-psixoloq Yusifli Əhməd Murad oğlunun təqdimatında Rəmzi Binnətova “Zoom” proqramı vasitəsi ilə psixoloji yardım göstərilib.
“Xezer-Construction” MMC ötən il də “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin iri məbləğli satınalma müqaviləsi imzalayıb. Maliyyə dəyəri 2 510 704,15 AZN olan həmin müqavilədə də Bakı şəhəri ərazisində məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin satın alınması nəzərdə tutulub.
“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 2021-ci ildə məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə ehtiyac duyub və yenə “Xezer-Construction” MMC ilə maliyyə dəyəri 2.539.163,77 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb.
Beləliklə, aydın olur ki, "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC hər il məhəllədaxili yolların təmir edir. Məsələnin maraqlı tərəfi budur ki, tenderin şərtlərində təmir işlərinin konkret hansı ərazilərdə aparıldığı qeyd edilməyib. Bu da keçirilən tenderlərlə bağlı müəyyən şübhələrə səbəb olur.
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 18 fevral 2019-cu ildə yaradılıb. Nizamnamə kapitalı 10 AZN olan MMC-nin qanuni təmsilçisi Əliyev Abit Sadiq oğludur.
MMC-nin yaradılması Eldar Əzizovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmasından sonrakı dövrə təsadüf edir. Eldar Əzizov bu vəzifəyə 15 noyabr 2018-ci il tarixdə təyinat alıb.
Abit Əliyev Eldar Əzizovun kadrı hesab edilir. Eldar Əzizov Gəncə və Sumqayıt şəhərlərinin icra başçısı vəzifəsində çalışarkən də Abit Əliyev onun yanında olub.