Azərbaycanın ədliyyə naziri hazırda Fikrət Məmmədovdur. O, 2000-ci ildən bəri həmin vəzifədə çalışır.
Ona qədər isə cəmi 3 nəfər müstəqil Azərbaycanın ədliyyə naziri olub.
Bizim.Media sabiq ədliyyə nazirlərinin indi harada olduqlarını araşdırıb.
Əlisaab Orucov
Müstəqil Azərbaycanın ilk ədliyyə naziri Əlisaab Orucov olub. O, 1992-ci ilin aprelin 7-dən iyulun 2-nə kimi bu vəzifəni icra edib. O, bu müddətdə həmçinin, baş nazirin müavini, Prezidentin fövqəladə səlahiyyətli nümayəndəsi kimi də çalışıb. Ə. Orucov 1993–1995-ci illərdə Azərbaycan Milli Yaradıcılıq Akademiyası Prezidentinin müavini, 1995-ci ildən isə Ədliyyə Nazirliyi Notariat və VVA İdarəsinin rəisi işləyib.
İlyas İsmayılov
Əlisaab Orucovu ədliyyə naziri postunda İlyas İsmayılov əvəz edib. O, 8 aprel 1992-ci ildən 13 yanvar 1995-ci ilə qədər bu vəzifədə çalışıb. 1996-2000-ci illərdə Demokrat Partiyanın sədri olmuş İ.İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir. O, 2005-2015-ci illərdə ardıcıl iki dönəm Milli Məclisdə də təmsil olunub. Eks-millət vəkili hazırda siyasi fəaliyyətlə məşğuldur. O, Ədalət Partiyasının sədridir.
Südabə Həsənova
1995-1998-ci illərdə ədliyyə naziri vəzifəsini Südabə Həsənova icra edir. O, 10 yanvar 1998-ci ildə isə ədliyyə naziri təyin olunur. 18 aprel 2000-ci ilədək bu vəzifədə çalışır. S.Həsənova 2000-2005-ci illərdə Ali Məhkəmənin sədri, 2005-2021-ci illərdə isə Konstitusiya Məhkəməsinin hakimi olub. 2021-ci ilin fevralın 1-də 74 yaşında təqaüdə göndərilib.