Ali Məhkəmədə Azərbaycan yığmasının və Xorvatiyanın "Dinamo” klubunun futbolçusu Mahir Emrelinin mənzilini qarət etməkdə təqsirləndirilən Nicat Vəliyev və Anar Cəfərovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onların kassasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nicat Vəliyev 6 il və Anar Cəfərov isə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, M.Emrelinin Sulutəpə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb. Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil olub.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakinləri, əvvəllər məhkum edilmiş Nicat Vəliyev və Anar Cəfərov tutulub.
Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Onlar M.Emrelinin evindən başqa daha 12 mənzili qarət ediblər.