Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavdov Ukraynada yüksək vəzifəyə təyinat alıb.
MilliYol.Az xəbər verir ki, o, Ali Rada sədrinin müşaviri təyin olunub.
Qeyd edək ki, Hikmət Əlövsət oğlu Cavadov 1982-ci ildə Bakı şəhərində anadan olub.
1998-ci ildə orta məktəbi, daha sonra isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr və magistr pillələrini fərqlənmə diplomları ilə başa vurub.
Ali təhsil aldığı dövrdə fakültənin tələbə həmkarlar təşkilatının sədri, fakültə Elmi Şurasının üzvü olub.
Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) V.M.Koretskiy adına Dövlət və Hüquq İntitutunda 2008-ci ildə hüquq elmləri namizədi, 2018-ci ildə hüquq elmləri doktoru elmi dərəcəsini alıb.
Hazırda UMEA-nın Dövlət və Hüquq İnstitutunun böyük elmi işçisi vəzifəsində çalışır. İki elmi monoqrafiyanın, 40-dan çox elmi məqalənin müəllifidir.
Elmi işlərlə yanaşı ictimai fəaliyyətlə məşğul olan H.Cavadov 2010-cu ildən Kiyev şəhərində nəşr edilən “Azərbaycanın sözü” qəzetinin baş redaktorudur. Həmçinin, beynəlxalq əlaqələrə həsr olunan 2 sənədli filmin, 1 kitabın və diaspor məktəbləri üçün nəzərdə tutulmuş dərsliyin layihə rəhbəri olub. Həmin filmlər arasında “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində ərsəyə gətirilmiş və Xocalı faciəsinə həsr olunan “Cəhənnəmi görmüş pilot” filmi, həmçinin “Böyüməmiş uşaqlar” adlı teatr tamaşası da var.
2005-2012-ci illərdə Ukraynada "Demokratiyanın nəbzi" beynəlxalq ictimai təşkilatının rəhbəri olub, 2012-ci ildən isə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu adlı ümumukrayna ictimai təşkilatının sədridir.
2014-2016-cı illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Ukraynada diaspor mərkəzinin baş koordinatoru vəzifəsini icra edib. 2016-cı ildə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.
Hazırda Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun katibi vəzifəsini icra edir. H.Cavadov Azərbaycan-Ukrayna əlaqələrinə həsr olunan dörd beynəlxalq forumun koordinatoru və spikeri olub.
Ukraynada yaşayan soydaşlarımızın hüquqlarını qoruyan "Hüquq klinikası"nı təsisçisidir. İkinci Qarabağ müharibəsi zamanı hazırlanan "Diaspor marşı" layihəsinin müəllifidir.
H.Cavadov beynəlxalq və Ukrayna ictimaiyyətinə Ermənistan-Azərbaycan, Rusiya-Ukrayna hərbi münaqişələrinin həqiqətlərini çatdırmaq baxımdan informasiya müharibəsində də yaxından iştirak edir.
H.Cavadov Ukrayna vətəndaşıdır. Evlidir, 3 övladı var.