Ötən həftə vəzifəsindən azad edilən Sumqayıt Şəhər Bulvar İdarəsinin rəisi Yavər Vəliyevin yerinə təyinat olub. Yavər Vəliyevin Sumqayıt bulvarında kənd təsərrüfatı məhsulları əkilməsinə icazə verdiyi üçün idarə rəisi vəzifəsindən azad edildiyi iddia edilir.
AzFakt.com-un əldə etdiyi məlumata görə icra başçısı Zakir Fərəcov Sumqayıt Şəhər Bulvar İdarəsinin rəisi vəzifəsinə həmyerlisi Seymur Məmmədovu təyin edib. Seymur Məmmədov bundan öncə Sumqayıt Şəhər Bulvar İdarəsinin rəis müavini vəzifəsində işləyirdi.
Qeyd edək ki, Sumqayıt icra başçısı Zakir Fərəcovun həmyerlisi olan Seymur Məmmədovun adı müxtəlif qalmaqallarda hallanır. Seymur Məmmədovun adı ölkə mətbuatına illər öncə Abşeron icra hakimiyyətində tikinti şöbəsinin rəisi işlədiyi dövrdə vətəndaşlardan tikintiyə icazə verilməsi üçün qanunsuz pul tələb etdiyinə görə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilməsi xəbəri ilə gündəmə gəlib. Yayılan məlumat rəsmi qurumlar tərəfindən təkzib edilsədə, Seymur Məmmədovu Abşeron icra başçısı Zakir Fərəcovun həbsdən qurtardığı iddia edildi.
Bundan başqa bir neçə ay öncə ölkə mətbuatında Seymur Məmmədovun dələduzluğa görə məhkəməyə verilməsi barədə məlumat yayılmışdı. Həmin məlumatda bildirilirdi ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən presesdə Seymur Məmmədov və ortağı Cinayət Məcəlləsinin 178.3.2 maddələri ilə (dələduzluq) təqsirləndirilir. Məlumata görə Seymur Məmmədov və ortağı vətəndaşlar Elşən Rəhmanlı ilə Elmir Şəmiyevə qarşı dələduzluq edərək, onlara külli miqdarda ziyan vurublar.
Həmçinin Seymur Məmmədovun Masazır qəsəbəsində qanunsuz torpaqlar zəbt edərək, heç bir sənədi olmayan evlər tikdirərək satdığı deyilir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.