Azərbaycanın quru sərhədlərinin açılması məsələsi uzun müddətdir ki, müzakirə mövzusu olaraq qalır. Bununla bağlı dəfələrlə təkliflər irəli sürülsə də, hökumət sərhədləri açmaq niyyətində deyil.
Halbuki Gürcüstana məxsus teleqram kanalları, xəbər saytları may ayının 1-dən etibarən Azərbaycanla quru sərhədlərin açılacağını yayıb.
Xatırladaq ki, quru sərhədlərin açılacağı ilə bağlı iddialar martın 28-dən güclənib. Belə ki, həmin tarixdə bəzi məhdudiyyətlər aradan qaldırılıb.
Nazirlər Kabinetinin ölkəmizdə xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə qərarına əsasən, COVİD-19 pasportu tələbi də ləğv edilib. Məhz bu qərardan sonra sərhədlərin açılacağına dair gözləntilər çoxalıb. Qonşu ölkələrdəki doğmalarını görmək istəyən, istirahətə getmək istəyənlər veriləcək qərarı səbirsizliklə gözləyirlər. Lakin hər zamankı kimi Operativ Qərargah susqunluq nümayiş etdirir. Sözügedən məsələ ilə bağlı nə “hə”, nə də “yox” deyir. Bu isə haqlı olaraq cəmiyyət arasında narazılıqla qarşılanır.
Ekspertlər isə pandemiya səbəbindən qapadılan sərhədlərin açılmasını iqtisadiyyatın gücləndirilməsi üçün vacib addım hesab edir. Eyni zamanda qabaqdan gələn yay mövsümündə ölkədə turizmin dirçəldilməsində sərhəd qadağasının götürülməsinin böyük rol oynayacağı bildirilir.
İqtisadçı-ekspert Natiq Cəfərli isə hesab edir ki, quru sərhədlərinin hələ də bağlı qalmasının nə tibbi, nə iqtisadi, nə də təhlükəsizlik baxımından mənqiti izahı var. Onun sözlərinə görə, sərhədlərin 3 ildən artıq müddətdə bağlı qalması bir çox sahələrdə çox ciddi zərər yaradır:
“İnsanları dövlətdən narazı salır, sosial ədalətsizliyə zəmin yaradır, iqtisadiyyata, ən çox turizm sektoruna zərər verir. Bu məsələ dəfələrlə ictimai müzakirəyə səbəb olsa da, hələ də əsaslı bir səbəb göstərən yoxdur. Guya quru sərhədlərin açılması ilə bağlı Operativ Qərargah tərəfindən mövcud epidemioloji vəziyyətə uyğun olaraq qərarlar qəbul olunur. OP isə özünü elə aparır ki, sanki bu məsələnin onlara heç bir aidiyyəti yoxdur. Sərhədlərin açılması ilə bağlı qərar vermək bir yana qalsın, əziyyət çəkib insanlara bağlı qalma səbəbini izah belə etmirlər. Azərbaycan-Gürcüstan sərhədinin bağlı qalmasının pandemiya ilə bağlı olmadığını hər kəs bilir. Əvvəl heç olmasa bu səbəbə gülürdük, indi artıq gülməli belə deyil. Dünya ölkələri karantin rejimini çoxdan ləğv edib. COVİD 19-la bağlı ən sərt tədbirlər Çində idi. Yanvar ayından onlar da bütün qadağaları ləğv edib, quru sərhədləri açıblar. Hesab edirəm ki, sərhədlərin bağlı qalma səbəbini ictimaiyətə açıqlamaq rəsmi orqanların borcudur. Bəlkə, doğrudan da, bizim bilmədiyimiz ciddi bir səbəb var. Detallı olmasa da, ümumi şəkildə məhz bu məsələyə görə sərhədləri aça bilmirik, deyə bilərlər. Məsələnin kökündə təhlükəsizlik dayanırsa, bu da məntiqli səbəb deyil. Bu dövlətin təhlükəsizlik, hüquq-mühafizə orqanları istənilən risk və təxribatın qarşısını almağa qadirdir. Sərhədləri bağlamaq təhlükəsizlik tədbiri deyil. Hökumət niyə bu qədər israr edir, heç cür anlaya bilmirəm. Əgər səbəb ölkədə fəaliyyət göstərən beşulduzlu hotellərin və AZAL-ın gəlirini artırmaqdırsa, bu sahədə də heç bir inkişaf yoxdur”.
Ekspertin sözlərinə görə, səbəb hər nə olur-olsun, quru sərhədlərinin 3 ildən artıq bir müddətdə bağlı qalması vətəndaşların konstitusion hüquqlarının pozulmasıdır. Ölkə qanunlarına görə, hər bir vətəndaşın sərbəst səhayət etmək hüququ var.
Məsələ ilə bağlı "modern.az"a danışan Milli Məclisin deputatı Kamran Bayramov isə bildirib ki, indidən sərhədin açılıb-açılmayacağını demək çətindir: “Vaxtilə pandemiyanın qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində quru sərhədləri bağlanmışdı. İndi isə vəziyyət dəyişib. Yəqin ki, burada digər məsələlər də var. İndi hərə bir söz deyir. Bəziləri deyir ki, sərhədlər açılacaq. Ancaq mən bunu deyə bilmərəm. Çünki bu barədə Operativ Qərargahın rəsmi qərarı olmalıdır. Çox güman ki, məsləhətləşmələr aparılmalıdır. Buna görə də indidən quru sərhədlərinin mayın 1-də, iyulun 1-də, yaxud avqustun birində açılacağını demək uyğun olmaz. Hazırda bununla bağlı rəsmi qərar yoxdur. Bildiyim qədəri ilə bu istiqamətdə müzakirələr də aparılmır”.
Deputatın fikrincə, quru sərhədlərinin bağlı qalmasına təhlükəsizlik məsələləri səbəb ola bilər: “Pandemiya artıq bitmək üzrədir. Doğrudur, bizdə karantin rejimi qüvvədədir. Müəyyən məhdudiyyətlər aradan qaldırılıb. Quru sərhədlərinin açılması ilə bağlı müzakirələr getmir, təhlillər aparılmır. Quru sərhədlərinin hələ də bağlı qalmasını ölkənin təhlükəsizliyi ilə bağlamaq olar. Belə baxanda başqa səbəb yoxdur.
İndi biz qonşu Ermənistanla, demək olar ki, müharibə şəraitindəyik. Əlaqələrin normallaşması prosesi hələ müzakirə mərhələsindədir. Sülh danışıqları gedir. Sülh müqaviləsinin imzalanması üzrə görüşlər təşkil edilir. Eyni zamanda demarkasiya, delimitasiya prosesi getməlidir. Amma Ermənistanın təxribatları göstərir ki, bizim təhlükəsizliyimizə hələ də təhdidlər var. Bizə qarşı təhlükə təkcə Ermənistandan gəlmir. Burada müəyyən qüvvələr var ki, quru sərhədlər vasitəsilə təhlükəsizliyimizə qarşı təxribat törətməyə cəhd göstərə bilərlər. Sərhədlərin bağlı qalması bununla bağlana bilər”.
"Şərq qəzeti"