Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısının nümayəndəsi sahibkarın oğlunu həbs etdirmək istəyib.
Qaynarinfo-nun məlumatına görə, guya sahibkarın oğlu Mingəçevir şəhər, Vidadi küçəsi 6 saylı binanın qarşısında İcra Hakmiyyətinin əməkdaşına qarşı tabesizlik nümayiş etdirib.
Belə ki, sahibkar Vidadi Əliyev özünə məxsus olan “Bizim market” mağazasının qarşısında 8 kv.m ərazidə əlavə tikinti-quraşdırma işi aparıb. Şəhərin 2 nömrəli sahə ərazi inzibati dairəsinin nümayəndəsi Nəriman İsmayılov yaxınlaşaraq, sahibkardan tikinti-quraşdırma işinə dair sənəd tələb edib. Vidadi Əliyev əlavə tikintiyə görə heç bir sənədin olmadığını, Mingəçevir şəhər bələdiyyəsinə ərizə ilə müraciət etdiyini deyib.
Bundan sonra Nəriman İsmayılov qanunsuz tikinti işinin dayandırılmasını, tikilinin əvvəlki vəziyyətinə qaytarılmasını tələb edib. Bu zaman sahibkarın 1997-ci il təvəllüdlü, ali təhsilli övladı Ramil (şərti) ona etiraz edib. Qəzəblənən məmur sahibkarın övladı barəsində İcra Hakmiyyətinin əməkdaşına qarşı tabesizlik nümayiş etdirmək adı ilə polisə şikayət verib.
Polis əməkdaşları Ramili Mingəçevir şəhər Polis Şöbəsinə dəvət edib və inzibati xəta haqqında protokol yazıblar. Protokolda sahibkarın övladının Mingəçevir şəhər İcra Hakmiyyətinin əməkdaşlarına qarşı tabesizlik etdiyi qeyd olunub.
Mingəçevir Şəhər Məhkəməsində hakim Ələkbər Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar verilib ki, Ramilin əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin.
Məmura izah olunub ki, Mingəçevir şəhər İcra Hakmiyyəti başçısının 2 nömrəli Sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəsidir, polis işçisi və ya hərbi qulluqçu deyil. Maddənin mənasından da görünür ki, inzibati xətanın tərkibi vətadaş tərəfindən polis işçisinin və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmadığı halda yaranır. Digər vəzifəli şəxslərin qanuni tələblərinə tabe olmamaq İXM-nin 535.1-ci maddəsinin tərkib hissəsini yaratmır.