Plastik Rekonstruktiv Cərrahiyyə Klinikasının həkimi, plastik cərrah Səkinə Xuduyeva ilə bağlı Sabunçu rayon Prokurorluğuna şikayət edilib.
Bu barədə Qaynarinfo-ya Bakı şəhər Abşeron rayon Masazır qəsəbə sakini Gülnar Lətifova məlumat verib. Zərərçəkən xanım axırıncı dərəcəli uşaqlıq sallanması xəstəliyindən əziyyət çəkdiyi üçün 2022-ci ilin aprel ayının 26-da sözügedən klinikada müayinə olunub:
"Mənə əməliyyat olunmağımı məsləhət bildilər və aprelin 29-da əməliyyat olundum. Əməliyyatım dövlət müəssisəsində aparılıb. Amma buna baxmayaraq, həkimə 3 min manat pul verdim. Ödənişlə bağlı mənim həkimlə yazışmalarım və bu vəsaitlə bağlı razılaşmalarım var. Əməliyyatdan sonra məndə narahatlıqlar başladı, ağrılarım daha da çoxaldı. Məcbur olub həkimə müraciət etdim ki, vəziyyətim pisdir, təcili müayinə olunmalıyam. Həkim müayinədən imtina etdi, bildirdi ki, "ay tamam olmasa, əməliyyat etdiyim şəxsi müayinə etmirəm”. Bir aydan sonra müayinə olundum. Həkim bildirdi ki, vaginaplastika əməliyyatında uğursuzluqlar olunub. Həmin əməliyyat xaricdən edilib, uğursuz olub, tikişlər tutmayıb. Həkim bildirdi ki, sağal, 6 aydan sonra onu yerli keyitmə ilə icra edərik”.
Ağrıları getdikcə ağırlaşan Gülnar Lətifova məcbur olub başqa həkimlərə müraciət edib:
"4 ayrı-ayrı həkimə müraciət edim, hər biri də əməliyyatın düzgün icra olunmadığını, uşaqlığın daha da sallandığını dedi. Həkimlər bir neçə ay sonra daha da pis olacağımı bildirdilər. Buna səbəb uşaqığıma müdaxilə olunmasıdır. Həkimlərin müayinəsi mənim təcili yenidən əməliyyat olunmağımı məsləhət bilirdi. Bütün müayinənin nəticələrini rədd edən həkim sonda əməliyyatın uğursuz olduğunu etiraf etdi. Həkimin iddiasına görə, bu uğursuzluq mənim bədənimdən asılıdır. Guya bədənim əməliyyatı qəbul etməyib. Həkim dedi ki, gəl səni təkrar əməliyyat edim, amma razı olmadım. Dedim ki, ya pulumu qaytar, ya da məni başqa həkim əməliyyat etsin, pulunu da siz verin”.
Şikayətçi xanımın dediyinə görə, sonuncu dəfə bir həftə əvvəl həkimin qəbulunda olmağa çalışsa da, Səkinə Xuduyeva onu qapıdan qovub:
"Pulumu qaytarmır, dedi ki, "hara istəyirsən şikayət elə, mənə kimsə nəsə edə bilməz”. Canıma zərər verib, məni yarı can edib. Məcbur olub şikayət etdim. İnanıram ki, dövlət tədbir görəcək. Ona görə də prokurorluğa şikayət etdim. Mənə dəyən maddi və mənəvi ziyanı ödəməlidir, bundan əlavə haqqında cinayət işi qaldırılmalıdir”.
Plastik Rekonstruktiv Cərrahiyyə Klinikasının həkimi, plastik cərrah Səkinə Xuduyeva Qaynarinfo-ya açıqlamasında bildirib ki, Gülnar Lətifovanın şikayəti araşdırılıb və onun haqlı olmadığı sübut olunub:
"Əməliyyatın 2-3-cü günündən onun tikişlərində açılmalar olub. Bunun səbəbi onda olan axıntılardır. Mən əməliyyatı səhv etməmişəm. Əməliyyat düzgün icra olunub. Mən bir ilin həkimi deyiləm, etdiyim əməliyyatlarda səhv ola bilməz. Orada vagina açılışı olur, vaginanın yenidən genişlənməsinin səbəbi sapın tutmaması olub. Bunun da səbəbi infeksiyadır, o müalicə keçməli və yenidən əməliyyat olunmalıdır. Sonda ona demişəm ki, səni əməliyyat etməyəcəm, onun özü bilir ki, bunu niyə demişəm”.