Aprelin 5-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü olub.
MilliYol.Az xəbər verir ki, dövlətimizin başçısını salamlayan Prezident Emoməli Rəhmon deyib:
-Hörmətli İlham Heydər oğlu.
Hörmətli azərbaycanlı dostlar.
Sizi Tacikistanda böyük məmnuniyyətlə salamlayıram. Hörmətli İlham Heydər oğlu, Sizin dövlət səfərinizə ürəkdən şadıq. Bu səfəri Tacikistan-Azərbaycan münasibətlərinin aktual məsələlərini ətraflı müzakirə etmək və yeni artım nöqtələrini müəyyənləşdirmək üçün yaxşı fürsət hesab edirik.
Tacikistan və Azərbaycan xalqlarını qədim tarixi köklərə malik olan ənənəvi dostluq telləri bağlayır. Sevindirici haldır ki, bu gün ölkələrimizin dövlətlərarası qarşılıqlı əlaqələri geniş spektr üzrə ardıcıl surətdə inkişaf edir. Bu qarşılıqlı fəaliyyət siyasi, ticari-iqtisadi, elmi-texniki, mədəni-humanitar və bir sıra başqa sahələri əhatə edir. Biz Azərbaycan Respublikası ilə həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın hərtərəfli genişlənməsinə daim diqqət yetiririk. Əminəm ki, bu gün əldə ediləcək razılaşmalar münasibətlərimizin gündəliyini keyfiyyətcə yeni məzmunla zənginləşdirəcək. Bir daha xoş gəlmisiniz. Sözü Sizə verirəm, hörmətli İlham Heydər oğlu. Buyurun.
X X X
Prezident İlham Əliyev deyib:
- Hörmətli Emoməli Şərifoviç, dəvətə və qonaqpərvərliyə görə sağ olun. Sizin gözəl ölkənizə yenidən səfər etməyimə və Sizinlə çox fəal, səmimi siyasi dialoqumuzu davam etdirməyə çox şadam.
Siz qeyd etdiyiniz kimi, ölkələrimizin xalqları uzun müddət ərzində fəal qarşılıqlı əlaqə saxlayırlar. Çox sevindirici haldır ki, 30 ildən artıq inkişaf edən dövlətlərarası münasibətlərimiz dövründə biz çox möhkəm təməl yaratmağa və bu təməl üzərində dostluğumuzun möhkəm binasını qurmağa nail olmuşuq.
Siz qeyd etdiyiniz kimi, biz həm çoxtərəfli formatda, həm də xüsusilə ikitərəfli formatda fəal qarşılıqlı əlaqə saxlayırıq. Həmişə mehriban dostlar kimi çox səmimi əməkdaşlıq edirik. Əlbəttə, dövlət səfəri çərçivəsində yeni qərarlar qəbul ediləcək, çoxlu sənədlər imzalanacaq, onlar münasibətlərimizin gələcək inkişafını müəyyən edəcək. Biz gündəlikdəki geniş məsələləri – həm ticari-iqtisadi sahədə, nəqliyyat-logistika sahəsində, həm də investisiya siyasəti sahəsində çox böyük perspektivləri ətraflı müzakirə edəcəyik.
Fürsətdən istifadə edib Sizi və bütün qardaş Tacikistan xalqını sosial-iqtisadi inkişafda böyük nailiyyətləriniz və Düşənbə şəhərinin bu cür coşqun inkişafı münasibətilə təbrik etmək istərdim. Mən Tacikistanda dəfələrlə olmuşam. Həm ölkənizin, həm də təbii ki, paytaxtınızın belə müsbət inkişaf dinamikasını şəxsən yəqin etmək imkanım olub. Bu münasibətlə Sizi təbrik etmək istərdim.
Qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirirəm və gələcəkdə fəal işləmək əzmindəyik. Sağ olun.
15.28
Aprelin 5-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub.
MilliYol.Az xəbər verir ki, görüşdə çıxış edən Prezident Emoməli Rəhmon deyib:
- Hörmətli İlham Heydər oğlu, Tacikistana xoş gəlmisiniz. Xalqlarımız arasında qarşılıqlı münasibətlərin qədim tarixi və xoş ənənələri var. Sevindirici haldır ki, bu gün bizim dövlətlərarası münasibətlər bir çox istiqamətlər üzrə inkişaf edir. Biz bu münasibətlərin bütün formatlarda daha da möhkəmlənməsinə böyük əhəmiyyət veririk.
Bu gün Sizinlə ölkələrimizin qarşılıqlı əlaqələrinin vəziyyətini və perspektivlərini, habelə beynəlxalq və regional məsələləri müzakirə etməyə hazıram.
Bir daha xoş gəlmisiniz. Ölkəmizdə vaxtınızın xoş keçməsini arzu edirəm.
x x x
Prezident İlham Əliyev deyib: Sağ olun, Emoməli Şərifoviç. Əvvələn, dəvətə görə təşəkkür edirəm. Qardaş, dost Tacikistana yenidən gəlməyimə çox şadam.
Siz qeyd etdiyiniz kimi ölkələrimiz arasında münasibətlərin yaxşı tarixi və əminəm ki, çox yaxşı gələcəyi var. Biz həm beynəlxalq məkanlarda, beynəlxalq strukturlar çərçivəsində və əlbəttə, ikitərəfli formatda çox istiqamətlər üzrə əməkdaşlıq edirik. Əməkdaşlığın, o cümlədən ticari-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində dərinləşməsi üçün çox yaxşı perspektivlər var. Əlbəttə, biz bunu ətraflı müzakirə edəcəyik. Nümayəndə heyətlərinin üzvləri də öz aralarında fəal diskussiyalar aparacaqlar. Əminəm ki, səfərin nəticələri uğurlu olacaq. Biz birgə fəaliyyətimizin sonrakı proqramını müəyyən edəcəyik.
Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm.
Prezident Emoməli Rəhmon: Çox sağ olun.
14.13
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistanın paytaxtı Düşənbədə Millət Sarayında rəsmi qarşılanma mərasimi olub.
MilliYol.Az xəbər verir ki, Azərbaycanın və Tacikistanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Azərbaycanın və Tacikistanın Dövlət himnləri səslənib.
Prezident İlham Əliyev əsgərləri salamlayıb.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Tacikistanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Emoməli Rəhmona təqdim edilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Azərbaycan və Tacikistan prezidentləri birgə foto çəkdiriblər.
12.27
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Düşənbənin "Dusti” meydanındakı "Tacikistanın milli həmrəyliyi və dirçəlişi” xatirə kompleksində İsmoili Somoni abidəsini ziyarət edib.11.50
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasına dövlət səfərinə gedib.
MilliYol.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Düşənbə şəhərinin Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər qarşılayıblar.