"Depo” apteklər şəbəkəsində dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələri aşkarlanıb.
Qaynarinfo-nun məlumatına görə, "Depo”nun 110 və 218 nömrəli apteklərində əməliyyat keçirilib.
Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 9 iyun 2022-ci il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı həmin dərman vasitələri qeyd edilən apteklərin xüsusi saxlanc yerində aşkar olunub götürülüb.
Hadisə zamanı sözügedən apteklər şəbəkəsinin qanuni təmsilçisi, 1987-ci ildə Bakı şəhərində doğulmuş, ali təhsilli Nicat (şərti) saxlanılıb və barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
Artıq sözügedən apteklərlə bağlı istintaq işi yekunlaşaraq və Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun sədrliyi ilə Nicat barəsində qərar da verilib.
"Depo”nun 110 və 218 nömrəli apteklərinin sahibi məhkəmədə müxtəlif dövlət qurumlarının təşkil etdiyi yardım kampaniyalarında iştirak etdiyini, apteklərin qarşısında ərzaq vitrinləri yerləşdirərək xeyriyyəçiliklə məşmul olduğunu, pedaqoji fəaliyyətini, cəmiyyətdəki nüfuzunu, evli və himayəsində iki azyaşlı uşağın olduğunu nəzərə alıb cərimə cəzasının təyin edilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə "Depo”nun 110 və 218 nömrəli apteklərinin qanuni təmsilçisinə 3000 min manat cərimə cəzası təyin edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməyib.
Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində saxlanılan dərmanlar isə müsadirə olunaraq Səhiyyə Nazirliyinə təhvil verilib.