"Medistyle Hospital" məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, iddiaçı "Medicenter” MMC-dir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatındadır. İşin mahiyyəti alqı-satqı üzrə mübahisələrdən ibarətdir. Aprelin 24-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib.
"Medistyle Hospital" 3 fevral 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 3 948 855 AZN təşkil edir. Hospitalın qanuni təmsilçisi Əhmədov Rahim Rahib oğludur.
Hospitalın təsisçisi isə İmran Ağayev olub. O, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi vəzifəsində işləyib.
İmran Ağayev 2021-ci ilin aprelində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Baş Prokurorluğun həmin vaxt yaydığı məlumatda bildirilir ki, İmran Ağayev qeyri-rəsmi köməkçiləri olan FHN-nin Tibb Mərkəzinin Modul Tipli Hospitalının qeydiyyatçıları Orucov Qulu İlqar oğlu və İmanlı Taleh Mövlamerdi oğlu ilə qabaqcadan əlbir olub koronavirus xəstələrin rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi, müalicə alan xəstələrin daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilmələri müqabilində rüşvət alıb.
İmran Ağayev və Taleh İmanlıya Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qulu Orucov isə eyni qanunsuz əməllərin törədilməsinə görə şübhəli şəxs qismində tutulub.
İttiham aktında İmran Ağayevin "Medistyle Hospital"ın təsisçisi olduğu qeyd edilib. O, fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadənin bacısı oğludur. Əslində "Medistyle Hospital"ın sahibinin də Faiq Tağı-zadə olduğu bildirilir.
Yeri gəlmişkən, mediada gedən xəbərlərə görə, İmran Ağayevin həbsindən sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov Faiq Tağı-zadənin fəaliyyətinin yoxlanılmasını tapşırıb. Bu yoxlamanın nəticələri ilə bağlı məlumat yoxdur.
"Medicenter” MMC-yə gəlincə, 23 yanvar 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi Əmrahova Aliyə Şamil qızıdır. Açıq mənbələrdə "Medicenter” MMC və Aliyə Əmrahova heç bir məlumat yoxdur.