Bakı Apellyasiya Məhkəməsində keçmiş deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə keçmiş deputatın anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənın növbəti iclası aprelin 5-nə təyin edilib.
Qeyd edək ki, Gültəkin Hacıbəyli barəsində ötən il oktyabrın 27-də Cinayət Məcəlləsinin 147.2 maddəsi (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə xüsusi ittiham qaydasında cinayət işi açılıb. O, xarici ölkədə olduğu halda məhkəmə xəbərdarlıq etmədən iddianı icraata götürüb və barəsində saxlanma qərarı çıxarıb.
Noyabrın 30-da Gültəkin Hacıbəyli xaricdən ölkəyə qayıdarkən Bakı hava limanında saxlanılıb. O, bir neçə saat saxlanıldıqdan sonra Nəsimi Rayon Məhkəməsinə aparılıb və hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasından sonra sərbəst buraxılıb. Vəkil Bəhruz Bayramov bildirib ki, Leyla Arif adlı "Facebook" istifadəçisi onun statusuna şərh yazdığına görə Gültəkin Hacıbəylini xüsusi ittiham qaydasında məhkəməyə verib.
Məhkəmənin hökmü ilə onun cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Hökmdən narazı qalan şikayətçi apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.