“Siyasi partiyalar haqqında” yeni Qanunun hazırlanması və qüvvəyə minməsi faktı təkcə formalaşan yeni siyasi konfiqurasiyasının təzahürü deyil.
Yeni Qanun, eyni zamanda siyasi dialoqu atributiv müstəvidən konstruktiv əməkdaşlıq müstəviyə çıxardan ali siyasi iradənin təzahürüdür. Eyni zamanda “Siyasi partiyalar haqqında” yeni Qanun açıq və demokratik rəqabətə çağırışdır. Yeni Qanun siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərinin balansına xidmət edir. Belə ki, Qanunun tələblərinə cavab verən partiyalar rəqabətə dözümlü olduğunu sübut edirlər.
Buna görə də “Siyasi partiyalar haqqında” yeni Qanunu dəstəkləyirəm. Bildiyimiz kimi 1992-ci ildə siyasi partiyalar haqqında Qanun layihəsi qəbul edilmişdi. İndi çox yaxşı bir haldır ki, yeni Qanun layihəsi təsdiq olunub. Bu Qanundan sonra partiyalar üzvlərinin siyahısını tutmağa başlayıb. Görünən odur ki, yeni Qanunla partiyalar öz güclərini göstərməli olacaqlar.
Həmçinin düşünürəm ki, dialoq mühiti yaranıb və bu mühit daha da irəli gedəcək. Təşviq olunan siyasi dialoq mühiti siyasi partiyaları cəmiyyətə daha yaxın edir. Siyasi dialoqda aktiv şəkildə iştirak edən partiyaları cəmiyyət artıq tanıyır. Eyni zamanda, dialoq mühiti siyasi partiyalara öz gücünü obyektiv şəkildə dəyərləndirmək üçün şərait yaradıb. Təsadüfi deyil ki, bəzi siyasi partiyalar rəqabət mühitinə tab gətirə bilmədikləri üçün fəaliyyətlərinə son qoyulması ilə bağlı bəyanatlarını verdilər. Bu cür halları obyektiv və təbii proses kimi qəbul etmək lazımdır.
Qeyd edim ki, dialoq mühiti siyasətdə açıq münasibətlərin bərqərar olmasını tələb edir. Ölkənin siyasi tarixində ilk dəfədir ki, yeni Qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olundu. Qanuna dair təkliflərin təqdim olunması ilə bağlı iqtidarın açıq müraciətləri siyasətdə bilavasitə demokratik prinsiplərinə sadiqliyinin təzahürdür.
Bundan sonra da fəaliyyətlərini davam etdirən partiyalar daha çox aktiv fəaliyyət göstərəcəklər. Gələcəkdə proporsional seçkilərdə partiyaların iştirak etməsi də önəmli məsələdir. Amma onu da qeyd edim ki, öz dövlətinə, dövlətinin müstəqilliyinə qarşı heç vaxt müxalifət olmaq olmaz. Mənsub olduğu partiyadan asılı olmayaraq hər bir vətəndaş dövlətimizi, müstəqilliyimizi, dövlətimizin atributlarını qorulmalıdır.
Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nın Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova
Poliqon.info