Azərbaycan Respublikasının vətəndaşlarına qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq cinayətlərinin və digər cinayətlərin istintaqı, onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilərək mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədi ilə 2003-cü il dekabrın 18-də Baş Prokurorun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlərinin vahid əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb. 2005-ci il mayın 5-dən isə həmin cinayət işinin istintaqı ibtidai araşdırmaya prosessual rəhbərlik öz təşəbbüsü ilə Baş prokurorun müavini, Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevə həvalə edilməklə, Hərbi Prokurorluğa tapşırılıb. Cinayət işi Respublika Hərbi Prokurorluğunda icraata götürüldükdən sonra yeni istintaq-əməliyyat planı tərtib olunub, işin ibtidai araşdırması əvvəlki illərdən fərqli olaraq, cinayət işinin vahid istintaq-əməliyyat planına əsasən ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, beynəlxalq hüquq normalarına, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Cinayət Prosessual Məcəllənin tələblərinə tam uyğun və baş vermiş cinayət hadisələrinin hər birinin mahiyyəti üzrə aparılıb.
MilliYol.Az xəbər verir ki, bu barədə hərbi prokurorun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev bildirib.
Məlumata görə, istintaq materialları ilə Bağanis-Ayrım soyqırımı epizodu üzrə sübuta yetirilib ki, 1990-cı il martın 24-də saat 8 radələrində azərbaycanlıları bir milli qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmək, eləcə də beynəlxalq hüquq normaları və Azərbaycan qanunları ilə müəyyən edilmiş əsaslar olmadan kənd sakinlərini daimi yaşayış yerlərindən didərgin salmaqla onları qovmaq, azərbaycanlı əhaliyə, onların evlərinə, idarə müəssisə və təşkilatlara basqınlar etmək və azərbaycanlılara qarşı digər cinayətlər törətmək məqsədilə qanunsuz erməni silahlı birləşmələri Ermənistan ərazisindən Qazax rayonunun Bağanis-Ayrım kəndinə hücum edərək müxtəlif istiqamətlərdən çeşidli hərbi texnika, döyüş və xüsusi təyinatlı nəqliyyat vasitələrlə kəndə daxil olaraq iriçaplı odlu silahlardan, pulemyotlardan, avtomatlardan, qumbaraatanlardan intensiv atəşlər açmaqla əhalini, yəni dinc kənd sakinlərini küçələrdə və öz evlərində atəşə tutub.
O əlavə edib ki, nəticədə məhz azərbaycanlı olduqlarına görə üçü qadın, biri 39 günlük körpə olmaqla 10 nəfər ağlasığmaz işgəncələr verilməklə xüsusi amansızlıqla qətlə yetirilib, iki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Eyni zamanda 12 yaşayış evi qarət edilərək yandırılıb, eləcə də 438 nəfər kənd sakini beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yerləşdikləri yerlərindən məcburən didərgin salınıblar.
Qeyd olunub ki, cinayət işinin istintaqı zamanı konkret olaraq Bağanis-Ayrım soyqırımı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 18 şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (Soyqırım) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul olunub. Həmin şəxslərin barəsində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və onların axtarışlarının təmin edilməsi üçün sənədlər İnterpolun Azərbaycandakı Milli Bürosuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib. Hazırda bu istiqamətdə hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Bağanis-Ayrım Qazaxın tarixinə ermənilər tərəfindən ilk işğal edilmiş və yandırılmış kənd kimi daxil olub. Erməni quldurları bu qanlı hadisədən sonra Qazaxın daha 6 kəndini - Xeyrimli, Aşağı Əskipara, Sofulu, Badxudarlı, Qızıl Hacılı, Yuxarı Əskipara kəndlərini də işğal ediblər. Bu gün Qazaxın yeddi kəndi terrorçuluğu dövlət səviyyəsində həyata keçirən Ermənistanın işğalı altındadır. 1990-cı ilin martında Bağanis-Ayrımda törədilən qətliam erməni silahlı qüvvələri tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda daha geniş miqyasda təkrarlandı.