Xəbər verdiyimiz kimi, bu ilin əvvəlindən etibarən Naxçıvan Muxtar Respublikasında yerləşən dövlət qurumlarının elan etdikləri tender müsabiqələri dövlət satınalmaları üçün vahid internet portalında – “etender.gov.az” saytında yerləşdirilməyə başlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu gün ilk dəfə olaraq Naxçıvanda baş tutan tender müsabiqələrinin nəticələri açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Melorasiya və Su Təsərrüfatı ASC tərəfindən keçirilən 2 nender müsabiqəsində “Baku Desıgn Center” MMC (VÖEN – 1505703431) və “Lubricants Supplier” MMC (VÖEN – 1306238091) qalib olublar.
“Baku Desıgn Center” MMC Naxçıvan Muxtar Respublikası Melorasiya və Su Təsərrüfatı ASC-yə 6 min 489 manat dəyərində mətbəə məhsulları (su bildirişi blankı, qeydiyyat kitabı və s.), “Lubricants Supplier” MMC isə 163 min 359 manat 20 qəpik dəyərində sürtgü materialları satacaq.
“Baku Desıgn Center” MMC 23.11.2021-ci ildə Bakı şəhərində təsis olunub. Nizamnamə kapitalı 10 manat olan MMC-nin rəhbəri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Azər Seyran oğlu Əliyevdir.
“Lubricants Supplier” MMC isə 10.08.2019-cu ildə təsis olunub. Nizamnamə kapitalı 50 manat olan MMC-nin rəhbəri Nağıyeva Şahnaz İldun qızıdır.
Qeyd edək ki, daha əvvəl “etender.gov.az” saytında Naxçıvanda keçirilən tender müsabiqələriylə bağlı heç bir məlumat yerləşdirilmirdi.
Ötən il dekabr ayının 21-də 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan Vasif Talıbov tutduğu vəzifədən azad edilib.
Vasif Talıbovun Ali Məclisin sədri olduğu dövürdə Muxtar Respublikada bir sıra qadağaların mövcud olması barədə dəfələrlə məlumatlar yayımlanıb.