Minlərlə kilometrlik yol belə sadəcə bir addımla başlayır. Bu yol uşaqlar üçün, təhsil üçün, işıqlı gələcək üçündürsə, daha da qiymətli olur.
Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi və ETİ-də bu dəyərləri əsas tutaraq, ucqar kəndlərdə yaşayan uşaqların həyatını müsbətə doğru dəyişmək, tələbə olmaq xəyalını gerçəkləşdirmək üçün yeni layihəyə başlayıb.
İctimai birliyin hər zaman korporativ sosial məsuliyyət layihələri ilə cəmiyyət üçün dəyər yaradan ETİ şirkətinin maliyyə dəstəyi ilə həyata keçirdiyi layihənin məqsədi ucqar kənd məktəblilərini elektron resurslarla təmin edərək, ali məktəblərə hazırlamaqla təhsildə qeyri-bərabərliyin aradan qaldırılmasına töhfə verməkdir.
"Hər kəs üçün keyfiyyətli təhsil” prinsipinə söykənən layihənin xüsusi hədəf qrupu aztəminatlı ailələrin övladları, həmçinin internat məktəblərində oxuyan, valideynlərini itirmiş yeniyetmələrdir.
Sevinc Fədainin rəhbərlik etdiyi layihənin Beyləqan, Qusar və Lerik rayonlarında peşəkar psixoloq Rübabə Mərdanova və yazıçı, ADU-nun müəllimi Tural Cəfərovun "Məsafələr uğura əngəl deyil" təlim proqramı ilə açılış mərasimi baş tutub. Tədbirdə ucqar kəndlərdən olan abituriyentlər və uşaqlar, müəllim və valideynlər iştirak edib. Abituriyentlərə layihə çərçivəsində onlayn dərslərə qoşulmaq və ali məktəbə qəbul imtahanlarına hazırlaşmaq üçün planşet və tədris vəsaitləri, uşaqlara isə ETİ-nin qida məhsulları hədiyyə edilib.
Həmçinin, layihənin koordinatoru Nərmin Veysəlova və müəllim Samirə Gülməmmədova abituriyentlərlə təlimatlandırıcı söhbətlər aparıb, onların qorxu və həyəcanını aşmağa kömək edən, özgüvən qazandıran art terapiya proqramı həyata keçirilib.
Qeyd edək ki, layihə çərçivəsində hər gün peşəkar müəllimlər tərəfindən keçirilən dərslərlə abituriyentlərin hazırlığı optimal səviyyəyə gətiriləcək, onların keyfiyyətli təhsil almaq imkanı olan abituriyentlərlə rəqabət aparmaq imkanları artacaqdır.
Layihə ərzində Lerik, Qusar və Beyləqanın kənd abituriyentlərinə onlayn dərslərlə yanaşı, onlayn psixoloji konsultasiya, seminarlar da veriləcək, onların həyat immuniteti də gücləndiriləcək.
Digər xəbərlər
loading...