Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi barəsində inzibati iş başlanıb.
Qaynarinfo xəbər verir ki, qurum İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) ilə ittiham edilir.
İş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib və hakim Nigar İmanovanın icraatına verilib.
İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində vəzifəli şəxslərin yüz əlli manat, hüquqi şəxslərin isə üç yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.
İşin detallarına gəlincə, əldə etdiyimiz məlumata görə, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin balansında olan nəqliyyat vasitəsi qəza törədib. Təmizlik idarəsi araşdırmalar zamanı həmin vaxt nəqliyyat vasitəsini idarə edən işçinin adını müvafiq quruma təqdim etməyib. Sürücünün hansı səbəbdən gizlədilməsinin səbəbi bəlli deyil.
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərir. Qurum Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı strukturunda şəhər üzrə mənzil-kommunal xidməti sahəsində vahid idarəetmə orqanıdır.