"Bu gün tanınmış lider Heydər Əliyevlə bağlı bu tədbirdə iştirak etməyə şadam. Heydər Əliyev qlobal səviyyədə tanınmış lider idi. Azərbaycan və Albaniyanın oxşar tarixi var: hər iki ölkə Sovetlərin, proletariatın tərkibində olub”.
APA xəbər verir ki, bunu Heydər Əliyev Mərkəzində keçirilən "Heydər Əliyev 100: Həyatı və irsi" adlı tədbirdə Albaniya Prezidenti Bayram Beqay çıxışı zamanı deyib.
O bildirib ki, hər iki ölkə totalitarizm dövründə həyatın necə olması və daha sonra bərpa prosesini yaxşı anlayır, çünki bunu yaşayıblar: “Azərbaycanın lideri var idi. Heydər Əliyev münaqişə dövründə çətinliklərin öhdəsindən gəldi, islahatlar apardı, yeni qlobal tərəfdaşlıqlar yaratdı və xalqın inamını qazanmağa nail oldu. Bu, həmişə mümkün olmur. Xüsusilə də keçid dövrü yaşayan, fərqli iqtisadi sistemlərdən keçən ölkələr üçün asan olmur.
Bu prosesin idarə olunması ölkələr üçün çətin olur. Amma Prezident Heydər Əliyev bunu ağıllı şəkildə etdi”.
Bayram Beqay çıxışı zamanı onu da deyib ki, 30 il qısa zamandır, amma Azərbaycan bu qısa dövrdə nailiyyətlər əldə edib, bu isə dahilik tələb edir.
"Mən Heydər Əliyevin dahiliyinə heyranam", - Albaniya Prezidenti əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan və Albaniya bu gün enerji və s. digər layihələrlə qlobal sülhə, stabilliyə töhfə verir: "Biz Heydər Əliyevin dostluq, tərəfdaşlıqla bağlı ambisiyalarını bölüşürük. Heydər Əliyev Azərbaycanın gələcəyi ilə bağlı uzaqgörən oldu”.
Bayram Beqay sülhün olduğu, inkişaf edən, çiçəklənən Balkanlar görmək istədiklərini diqqətə çatdırıb: "Biz tərəfdaşlığı təşviq etməyə davam edəcəyik. İki ölkə multikulturalizmin, tolerantlığın nümunəsidir. Hər iki ölkə fərqli din və mədəniyyətlərə hörmət edir. Biz yeni nəsillər üçün əməkdaşlığımızı, tərəfdaşlığımızı davam etdirəcək, birgə şəkildə rifaha doğru irəliləyəcəyik".