Kürdəmirli Şeyxin oğlu necə olub ki, XVIII-ci əsrdə Osmanlı dövlətinin Sədr Əzəmi olub? Sual çox maraqlıdır və ətrafda araşdırmamıza başladıq.
Ölkəmizin hansı bölgəsinə getsəniz və balaca bir araşdırma etsəniz bunun əyani şahidi ola bilərsiz. Belə yaşayış məntəqələrindən biridə Kürdəmirin Şıxımlı kəndidir ki, vaxtilə burada yaşamış Mövlana Şeyx İsmayıl Siracəddin Şirvani bu ərazinin elm ocağına çevrilməsində və inkişaf edilməsində böyük rolu oynayıb. Onun Kürdəmirdən başlatdığı hərəkat Türkiyədə davam edib. Onun ikinci oğlu Mehmet Rüştü Paşa isə böyük Osmanlı dövlətinin “Sədr Əzəm” yəni baş nazir vəzifəsinə qədər yüksəlib.
Mövlana Şeyx İsmayıl Siracəddin Şirvani 1782-ci ildə o vaxt Kürdəmir kəndi adlanan indiki Kürdəmir rayonunun Şıxımlı kəndində ziyalı ailəsində Ənvər Şirvaninin ailəsində anadan olub.
O ilk təhsilini Şamaxıda alıb 12-13 yaşlarından etibarən isə təhsilini Türkiyənin Ərzincan, Ərzurum şəhərlərində davam etdirib.Bundan sonra Şeyx İsmayıl Siracəddin Şirvani təhsilini Bağdadda davam etdirir və uzun müddət Mövlanə Xaliddən təhsil alır.
O, Bağdadda ali təhsilini başa vurduqdan sonra diplomunu alaraq yenidən öz vətəninə Kürdəmirə qayıdır və burada öz məktəbini açaraq “Təsəvvüf” elmindən dərs deməyə başlayır.
Qısa vaxtda elmi ilə məhşurlaşan Şeyx İsmayıl Siracəddin Şirvaninin yanına nəinki ətraf kənd və rayonlardan bütün Qafqazın hər yerindən insanlar ondan elm öyrənmək üçün Kürdəmirə axışırdılar. Beləcə Şeyx İsmayıl Siracəddin Şirvanidən təhsil alan 100-lərlə insanlar bütün bölgədə eləcədə Qafqazda ondan aldıqları elmin təbliğini həyata keçirirlər.Bu arada onun təşkilatçılığı ilə Kürdəmirdə və ətraf bölgələrdə çoxlu sayda mədrəsələr türbələr tikilir bağlar salınırdı.
Hazırda o bağlardan biri olan Şıxımlı kəndində olan Mövlanə bağı hələdə yerli sakinlərin köməyi ilə qorunub saxlanılır.Bu bağda tut ağacları və qarağac ağacları əkilib ki,üstündən 200 ildən artıq keçməsinə baxmayaraq yerli sakinlər hörmət əlaməti olaraq bu ağacların hətta qırılıb yerə düşənlərini belə dəyərli əşya kimi saxlayırlar.
Bu ərazilərin tədqiqini aparan tarix elmləri doktoru Fariz Xəlilli deyir ki, burdakı kəndlərin adları belə Şeyxin adı ilə bağlıdır.
Məsələn, Şıxımlı kəndi Seyximli kəndi olub, yəni Şeyxin kəndi. Eyni zamanda Mürtülü kəndi Mürüdlü kəndi yəni Şeyxin mürüdlərinin adı ilə əlaqələndirilir.
Bundan başqa Fariz Xəlillinin sözlərinə görə, bu il Şeyx İsmayıl Siracəddin Şirvaninin anadan olmasının 240 illik yubileyi tamam olur və bununla bağlı tədbir keçirmək eyni zamanda Şeyxin fəaliyyətinin tanıdılması istiqmətində işlər görmək qarşıya məqsəd qoyulub. Qeyd edək ki, Şeyx İsmayıl Siracəddin Şirvani uzun müddət Şirvan bölgəsində göstərdiyi xidmətlər o vaxt ki, Çar Rusiyasının hədəfinə çevrilir və onun üçün ciddi təhdidlər yaranır. Beləcə Şeyxə ölkəni tərk etməyi təklif edirlər. Bu zaman Şeyx ən çox sevdiyi mürüdlərindən olan Şeyx Mahmud babanı yerində əvəzləyici qoyaraq ailəsilə ilə birlikdə Türkiyənin Amasiya şəhərinə köçür və orada öz fəliyyətini davam etdirir. Şeyx öz fəliyyətini o qədər genişləndirir ki, hətta onun ikinci oğlu Şirvanizadə Mehmet Rüştü Paşa Osmanlı Dövlətinin “Sədr Əzəmi”, yəni Baş Naziri olur.
Hətta o vaxtlar Şirvan bölgəsindən Həcc ziyarətinə gedən insanlar əvvəlcə hörmət əlaməti olaraq birinci Rüştü Paşanı ziyarət edib sonra Həcc ziyarətinə gedirlərmiş. Kürdəmirdən olan araşdırmaçı jurnalist Filologiya üzrə fəlsəfə doktoru Yaqur Bahadurqızı Şeyxin fəaliyyətini araşdırmaq məqsədilə Türkiyənin Amasiya şəhərinə gedərək onların türbələrini tapıb ziyarət edib və təbliğat məqsədilə onların şəkillərini çəkərək paylaşıb.Yaqut Bahadurqızının sözlərinə görə Şeyx İsmayıl Siracəddin Şirvaninin oradakı qəbirinin ətrafındakı qəbirlərini bir çoxunun üzərində soyadları Şirvani və Kürdəmiri soyadlarıdır.
Hazırda Şeyx İsmayıl Siracəddin Şirvaninin burada qoyub getdiyi Şeyx Mahmud Babanın onun oğlunun və nəvəsinin qəbri qədim Şahsevən kənd qəbiristanlığındakı Türbədədir.
Qeyd edək ki, Şahsevən kəndi ərazisində yerləşən bu qədim qəbiristanlığın 300-ə yaxın yaşı var və buradakı qədim qəbirlərin çoxu Şeyx Mahmud babanın mürüdlərinin yəni şagirdlərinin qəbirləridir. Şeyx Mahmud Babada bir vaxrlar çar rusyaiasının təqiblərinə tuş gəlib və buna sinə gəlməyi bacaran ustadlardan olub.
Bu gün tariximizin qalıqları olan bu türbənin və qəbiristanlığın qorunmasına və tədqiq olunmasına böyük ehtiyac var. Bundan başqa əgər bu ərazilər tədqiq olunarsa və abadlaşarsa buranı turizm marşurutunada salmaq olar ki, bura Türkiyədən, Rusiyadan eləcədə Gürcüstandan olan turistləri cəlb etmək mümkündür.
Mənbə: Bizim.Media