Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) "DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” MMC üçün inzibati bina sahəsinin icarəsinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi fərdi sahibkar Səfərova Sahibə Paşa qızı olub. DOST-la sahibkar arasında imzalanacaq müqavilənin maliyyə dəyəri 969 999,94 AZN təşkil edəcək.
DOST-un təxminən 1 milyonluq müqavilə imzalayacağı Sahibə Səfərova barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur.
Tenderin şərtlərindən aydın olur ki, icarəyə götürüləcək ofis Bakının Nəsimi rayonu ərazisində yerləşir.
Bu rayonda bina və ofislərin qiyməti kifayət qədər bahalıdır. Sahibə Səfərovanın Nəsimi rayonunda ofis binasına sahib olması onun sıradan şəxs olmasına şübhələri artırır.
Onu da qeyd edək ki, DOST ofisi 17 aylıq icarəyə götürür. Bu halda icarə haqqı hər ay üçün nə az, nə çox 57 058,82 AZN edir.