Ötən il Prezident Administrasiyasındakı vəzifəsindən azad edilən və bundan bir neçə ay sonra vəfat edən Arif Novruzovun kürəkəni məhkəmə qarşısına çıxarılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir neçə rayonun kuratoru kimi çalışan A.Novruzovun işdən çıxarılmasına səbəb olan kürəkəni, 1988-ci il təvəllüdlü Azər Cavanşir oğlu Əsgərov Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilib.
Məlum olub ki, A.Novruzovun kürəkəni tekstil ticarəti ilə məşğul olub və türkiyəli iş adamları ilə alış-veriş edib.
Onun ümumilikdə 5 nəfərdən yarım milyon manata yaxın pul alıb ələ keçirdiyi qeyd edilib:
- Təqsirləndirilən şəxs tanışının Rusiya Federasiyasının “İvanovski Dövlət Universiteti”ni bitirməsinə dair bakalavr diplomunu Təhsil Nazirliyi tərəfindən təsdiq olunmasına köməklik edəcəyinə dair söz verərək ondan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 109 №-li binada yerləşən həmin ərəfədə direktoru olduğu “İnwool" dükanının yaxınlığında 4.200 manat məbləğində pul alaraq dələduzluq edib.
- Bundan başqa A.Əsgərov digər şəxsdən Türkiyədə tekstil fabriki qurulması adı ilə 119.000 manat təşkil edən 70.000 ABŞ dolları məbləğində pulu hissə-hissə alaraq ələ keçirib.
- Digər epizod üzrə təqsirləndirilən şəxs daha bir tanışının avtomobil alması məsələsinə köməklik edəcəyi adı ilə onun 25 min manatını alıb.
- Bundan başqa, Azər Əsgərov türkiyəli həmtəsisçiləri ilə birgə ölkədə yetişdirilən pambıq məhsullarının emalı üçün fabrik quracağına, sərmayə qismində pul yatıracağı halda fabrikin fəaliyyəti ilə əlaqədar əldə olunan gəlirdən ona da mənfəət verəcəyinə dair yalan vəd verib, daha bir tanışından 224 min manat alaraq geri qaytarmayıb.
- Başqa bir tanışına isə A.Əsgərov yalan vədlər verərək ona topdansatış qiymətinə “İPhone” markalı mobil telefon alıb səyyar qaydada satışını həyata keçirməklə ona gəlir verəcəyini bildirərək 58 min manatını ələ keçirib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər bir neçə ildir Azərə verdikləri pulu ala bilmədiklərini deyiblər. Onlar Azərlə dostluq münasibətlərinin olduğunu, onun lüks həyat yaşadığını, “Maseratti” və digər bahalı avtomobillərdən istifadə etdiyini, qayınatasının PA-da işlədiyini düşünərək ona etibar etdiklərini və vədlərə inanaraq pul verdiklərini deyiblər.
Bakı Ağr Cinayətlər Məhkəməsinin hökmü ilə 35 yaşlı Azər Əsgərov 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, Azərin qayınatası Arif Novruzov onu həbsdən azad eləməyə cəhd göstərərkən özü dələduzluğun qurbanı olub və adı cinayətdə hallandığı üçün vəzifəsini itirib. Belə ki, A.Novruzov həbsdə olan kürəkəninin azadlığa buraxılması üçün özlərini səlahiyyətli şəxs kimi təqdim edən şəxslərə 100 min manat verib. Lakin pulu alan şəxslərin yalanı sonradan üzə çıxıb və onlar tutularaq məsuliyyətə cəlb edilib.
A.Novruzov bu hadisələrdən sonra xəstəlik səbəbindən vəfat edib.