"Həftəsonu yay havasından faydalanaraq ailəmizlə birlikdə Şəkiyə istirahətə getmişdik. Qədim və gözəl şəhərdə xeyli gəzdikdən sonra turistlərin üz tutduqları istirahət mərkəzlərindən birində yemək yemək istədik. Amma üzləşdiyim xidmət məndə bir daha ora dönməmək fikri yaratdı".
Bunu anspress-ə yorğun iş həftəsindən sonra tez-tez rayonlarımıza istirahət üçün üz tutan Çinarə Abdullayeva deyib.
Qadını yerli və xarici turistlərin ən çox üz tutduğu, tanınmış restorandan uzaq salan isə həm sanitar şərait, həm də xidmətin səviyyəsi olub. "Açıq havada olan masaların üstünün çirkli və ləkəli olması bəs deyilmiş kimi, menyu istəyimizə də qəribə cavab aldıq - "menyu yoxdur". Bununla da iaşə obyekti bir qrup turistini və gəlirini itirdi. Kifayət qədər çox turistin üz tutduğu məkan təmizliyə görə nisbətən fərqlənsə də oradan da "menyudakı bütün yeməklər yoxdur" dedilər".
Əslində Azərbaycanda turizm sektorunda vəziyyətin ürəkaçan olmadığı bəllidir. Əsas problem isə qiymət və xidmətdədir.
Neftin qiymətinin sürətlə ucuzlaşdığı dövrdə, ən gəlirli sahə hesab edilən turizmlə bağlı işlərin görülmədiyini demək olmaz. Lakin, görünür, yeni otellərin, istirahət mərkəzlərinin, təbliğat kampaniyalarının, sərgilərin keçirilməsi azdır. Əsas xidmət sektorunun səviyyəsini yüksəltməyə yönəldilməlidir.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun da fikrincə, demək olar ki, hər sahədə əsl yüksəliş olduğu halda, belə gəlirli bir sektorun axsaması təssüf doğurur.
"Gəlin, ilk öncə istirahət mərkəzlərində turistləri qarşılayan işçilərdən danışaq. Əslində, öz işində davamlı olmayan, təcrübəsiz, qeyri-peşəkar, yəni haradan gəldi çağırılan belə “işçilər” barədə hansısa keyfiyyətdən danışmağa dəyməz. Bu xidmətlə peşəkarlar məşğul olmalıdırlar. Əlbəttə ki, bu insanların ali təhsilli olması önəmli şərt olmasa da, ən azından, müvafiq sahə üzrə hazırlıq kursu keçmələri, əlavə xarici dil bilmələri lazımdır".
Turistləri uzaqlşadıran daha bir amil isə kafe və restoranlarda olan natəmizlikdir. Buraya ofisiantın geyimindən tutmuş, sifarişçinin oturduğu masaya qədər olan natəmizlik aiddir. Məsələn, həmin məkanlarda stol və stulların natəmizliyi, işçilərin siması xidmətin hansı səviyyədə olduğu haqda ilk andan müştəridə təsəvvür formalaşdırır. "Bundan başqa, işçilərin geyimi, stəkan, boşqabların yağlı-qara olması, milçəklərin "aşıb-daşması" artıq məkan haqqında hər şeydən xəbər verir. Hələ mən istirahət zonalarında çalışanların münasibətlərindən, üzlərindəki ifadədən danışmıram. Ofisiant, hər şeydən əvvəl, gələn müştərini mehribanlıqla, nəzakətlə qarşılamalıdır. Amma əfsuslar olsun ki, bu xüsusiyyətlər bizim bir çox turizm obyektlərində çalışanlara yad anlayışdır. Acınacaqlı hal həm də odur ki, belə ictimai iaşə obyektləri şəhərlərin mərkəzində yerləşir və ən çox turistlərin gedə biləcəkləri obyektlərdir".
Eyyub Hüseynov regionlardakı bir çox otellərdə yataq dəstləri, sanitar qovşağın da vəziyyətinin acınacaqlı olmasından şikayətlənib.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov da çatışmazlıqların olduğunu etiraf edir. Ancaq əsasən dil bilikləri baxımından. Nazirlik rəsmisi deyir ki, paytaxtda fəaliyyət göstərən mehmanxanalarda ümumiyyətlə dil problemi yaşanmır. “Bu, Bakının son illərdə bir neçə beynəlxalq yarışmalara ev sahibliyi etməsi ilə əlaqədardır. Amma regionlarda nazirliyin zaman-zaman apardığı monitorinqlər onu göstərir ki, aşağı kateqoriyalı otellərdə bu problem var. Bunun aradan qaldırılmasında isə sahibkar özü maraqlı olmalıdır”.
Maraqlıdır ki, başqa sahədə problem olmadığını deyən nazirlik rəsmisi buna baxmayaraq regionlarda xidmət sahəsində çatışmazlıqların aradan qaldırması üçün may ayının 24-dən iyun ayının 9-na qədər xidmət sektorunda çalışanlara təlim keçiriləcəyini deyib. Təlimi isə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən dəvət olunmuş mütəxəssislər keçəcək.
“Təlim kurslarının ilkin mərhələdə Gəncədə və Lənkəranda keçirilməsi nəzərdə tutulur. İyun ayının sonunadək digər regionlar üzrə də bu proses davam etdiriləcək. Bu təlimlərə yemək-içmək servisi, müştəri qəbul bölməsi, xadimə və s. aşağı kateqoriyalı işçiləri də əhatə edəcək”.
Nazirlik nümayəndəsi deyir ki, bir neçə sahibkar və ya otel rəhbərləri təlimlə bağlı müraciət etsələr, o zaman onlara belə bir köməklik göstərilə bilər.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev də deyir ki, xidmət sahəsinin keyfiyyəti məsələsi nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti tərəfindən daim diqqətdə saxlanılır.
"Biz mütəmadi olaraq istər paytaxtda, istərsə də regionlardakı otellər, kafe və restoran işçiləri üçün tədbirlər keçirir, onları istehlakçıları məmnun etmək üçün öz tövsiyəmizi veririk. Hər bir istehlakçı bilməlidir ki, ona iaşə obyektində menyu verilməlidir. Menyuda isə təqdim olunan yeməklərin tərkibi belə qeyd olunmalıdır".
A.Əliyev şikyətçilərə məsləhət də verib. O deyir ki, bu tipli obyeklərdə hər hansı xoşagəlməz halla üzləşən istehlakçı nazirliyə müraciət edə bilər. Bu zaman onun şikayəti öz təsdiqini taparsa, həmin obyektin rəhbəri və ya işçisinə qarşı müvafiq tədbir görüləcək.
Turizmin inkişafı üçün təbiət bizə lazım olan hər şeyi verib. İndi qalır bu sərvətlərdən faydalanıb sahəni inkişaf etdirmək. Bunun üçün isə elə də uzağa getmək lazım deyil. Hər il milyonlarla turistin, o cümlədən azərbaycanlıların axın etdiyi Türkiyə və Gürcüstan təcrübəsinə baxmaq kifayətdir. Bu ölkələrdə nəinki münasib qiymətlərlə, müxtəlif güzəştlər, kampaniyalarla, hətta daim üzü gülən işçiləri ilə turist axınını və gəlirlərini günü-gündən artırır.
Hətta vəziyyət o yerə çatıb ki, Türkiyənin turistik şəhərlərində bələdiyyələr daha çox müştəri cəlb edib, qazanc əldə etmək üçün təlimlər belə keçirlər.
Azərbaycan turizmində mövcud vəziyyət o qədər də ürəkaçan deyil. Hər halda şikayətlər belə deməyə əsas verir. Amma inkişaf etməkdə olan ölkənin perspektivləri bu çatışmazlıqları tezliklə aradan qaldırmağa imkan verir. Axı, qonaqpərvərliyi ilə ad çıxaran ölkəmiz və onun vətəndaşları haqqında turistlərdə təəssüratlar həm də onların üz tutduqları obyektlərdə yaranır.
Yüz minlərlə xərc çəkilib qurulan belə obyektlərdə xidmətin yüksəldilməsi - təmizlik və gülər üz faktoru isə o qədər də böyük xərc tələb etmir. Ümumiyyətlə, unutmayaq ki, keyfiyyətin yüksəldilməsi həm də gəlirlərin artması deməkdir. Bu isə iş adamlarının birinci məqsədidir.
MilliYol.az
Digər xəbərlər
loading...