Ötən günlərdə elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinq zamanı universitetlərin dar çərçivədə mütəxəssis yetişdirdiyinə görə, dünya reytinqinə düşmə kriteriyasına uyğun gəlmədiyinə görə reytinqə düşmə ehtimalının olmadığını qeyd etdi.
"Məsələn Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti və ya Azərbaycan Tibb Universiteti. Bu kimi digər universitetlərimiz sadəcə "institut" adından "universitet" adına keçib. Dar çərçivədə - ya yalnız həkim yetişdirir, ya yalnız tərcüməçi və ya yalnız dilçi. Dünya reytinqinə düşən universitetlər isə çoxşaxəli olmalıdır. Yəni məsələn BDU-da həm həkim, həm mühəndis, həm tərcüməçi eyni zamanda yetişməlidir. Bu halda bizim dünya reytinqinə düşmə ehtimalımız artacaq", -deyə E.Əmrullayev əlavə edib.
Bəs universitetlərin reytinqinin artması üçün yeni ixtisaslar yaradılmalıdır mı?
Məsələ ilə bağlı Trend-in suallarını cavablayan təhsil eksperti Kamran Əsədov bildirib ki, hər il qəbul planı yerinin 40 minə yaxın olduğunu nəzərə alsaq, təəssüf ki, ali məktəblərin qəbul etdikləri tələbələri peşəkar kadr kimi hazırlaya bilmirlər.
"Dünya reytinq siyahısında universitetlər yüksək bal alanda bir neçə xüsusiyyətlər nəzərə alınır. Bura universitetin kampusunun, yataqxanasının, kitabxanasının və elmi bazasının olması daxildir. Ölkədə fəaliyyət göstərən 50-ə yaxın ali təhsil müəssisəsində sadalananlar yoxdur. Yataqxanası olan universitetlərin ya yataqxanaları yararsız vəziyyətdədir, ya da bütün tələbə kontingentini əhatə edə bilmir. Ona görə də bu xüsusiyyət üçün bal alma göstəricisi aşağıdır.
Digər səbəb isə universitetlərdə çalışan və sayı heç də az olmayan elmlər doktoru, elmlər namizədi və ya elmi ad alan şəxslərin tədqiqat apardıqları elmi sahələrin, elmi mövzuların dünya əhəmiyyətli olmamasıdır. Yəni, bizim elmi işlərimizə müraciətin çox aşağı səviyyədə olmasıdır. Çünki Azərbaycanda elmi tədqiqat işlərinin çox hissəsi lokal xarakterli daşıdığından dünyada əhəmiyyəti olmayan mövzular olur. Ona görə də bizim elmlə məşğul olan insanların xarici jurnallarda məqalələri çox az saydadır. Digər başqa səbəb isə universitetə xarici tələbə axınının az sayda olmasıdır", - deyə K.Əsədov qeyd edib.
Eksepert bildirib ki, universitetlər artıq dünya təhsilini bilən menecerlər tərəfindən idarə olunmalıdır.
"Artıq müasir dövrün ali məktəbi, müasir universitet tendensiyası, müasir çağırışlar fərqlidir. Artıq dünya universitetləri özləri pul qazanır, böyük büdcəyə sahibdirlər. Bizim universitetlər isə bu tendensiyalardan kənarda qalırlar. Ona görə də ali təhsil pilləsində ciddi şəkildə islahatlar həyata keçirilməlidir, müasir təhili bilən, dünya təhilindən xəbərdar olanlar idarəetməyə cəlb olunmalıdırlar. Ölkəmizin ali təhsil ocaqlarının səviyyəsi artıq beynəlxalq qurumlar, xarici təşkilatlar səviyyəsində də fəal şəkildə qiymətləndirilir.
Son illər dünyada müxtəlif kateqoriyalar üzrə ali məktəblərin reytinqinin müəyyən edilməsi çox populyarlaşıb. Xüsusən inkişaf etmiş ölkələrdə bu tədqiqat daha çox aktualdır. Eyni zamanda, bir sıra beynəlxalq təşkilatlar hər il universitetlərin beynəlxalq reytinqini hazırlayır.
Beynəlxalq reytinq təşkilatlarının apardıqları təhlillərə əsaslanaraq deyə bilərəm ki, universitetlərin beynəlxalq əməkdaşlığının səviyyəsi yüksək deyil. Mən belə hesab edirəm ki, bu əməkdaşlıq, adətən, müxtəlif ölkələrin universitetlərinin rektorlarının Azərbaycana səfəri zamanı əməkdaşlıq haqda müqavilənın imzalanmasından uzağa getmir. Apardığım araşdırmalara əsasən əminliklə deyə bilərəm ki, universitetlərimizin müəllim, tələbə mübadiləsi yox səviyyəsindədir. Universitet rəhbərləri bunu maliyyə vəsaitinin çatışmazlığı, normal yataqxanaların olmaması ilə əlaqələndirsələr də, apardığım araşdırmalar göstərir ki, onlar, sadəcə, bu istiqamətdə vəsait xərcləməyi istəmirlər. Bəzi ali məktəb rəhbərləri fikirləşirlər ki, beynəlxalq əlaqə üçün yalnız onların özlərinin səfərləri kifayətdir",- deyə o əlavə edib.