Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimlinin əmri ilə bu vəzifəyə Xanlar Ağalarov təyin olunub.
Qeyd edək ki, X. Ağalarov bu təyinata qədər Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbələrində müxtəlif vəzifələrdə çalışıb.
2013-cü illdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirən X. Ağalarov 2015-2016-cı illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) magistr təhsili alıb. Eyni zamanda Böyük Britaniyanın Kembric Universitetinin dövlət siyasəti ixtisası üzrə magistr proqramını bitirib.
Bundan başqa Mədəniyyət Mazirliyinə yeni müşavir təyinatları olub. Milli Konservatoriyanın beynəlxalq əlaqələr departamentinin rəhbəri, musiqişünas, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov və Əməkdar artist Oleq Əmirbəyov mədəniyyət nazirinin müşavirləri təyin edilib.
Cahangir Səlimxanov Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) musiqişünaslıq ixtisası üzrə təhsil alıb. Bu vaxtadək Bəstəkarlar İttifaqında, Azərbaycan Dövlət Konservatoriyasında, Azərbaycan Musiqi Xadimləri İttifaqında, Bakı İncəsənət Mərkəzində müxtəlif vəzifələrdə çalışıb.
2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin beynəlxalq təşkilatlarla əməkdalıq sektorunun müdiri, 2013-cü ildən Milli Konservatoriyada beynəlxalq əlaqələr departamentinin müdiri vəzifələrində çalışıb. 2018-ci ildən YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Azərbaycanda Milli eksperti təyin olunub.
Mədəniyyət nazirinə təyin olunan digər müşavir Oleq Əmirbəyov isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini dram rejissorluğu ixtisası ilə bitirib. Teatr və kino aktyoru, televiziya aparıcısı, Azərbaycanın Əməkdar artistidir. 2010-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında fəaliyyət göstərib.