“Dövlətimiz var gücü ilə zəlzələ qurbanlarının yaralarını sarıyır. Vətəndaşlarımız da AFAD başda olmaqla, yardım fəaliyyəti həyata keçirən qurumlara maddi və humanitar dəstəyini əsirgəmir”.
MilliYol.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Yunanıstanın aparıcı qəzetlərindən olan “Kathimerini”nin Türkiyənin 11 vilayətində baş verən və “əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələlərlə bağlı suallarını cavablandırarkən deyib.
Türkiyədə 1939-cu ildən bu yana ən böyük iki zəlzələnin təxminən 9 saat fasilə ilə baş verdiyini və ölkənin iki çox böyük zəlzələ ilə sarsıldığını vurğulayan F.Altun “Bu zəlzələlərin hər ikisi 1999-cu ildə Mərmərə bölgəsində yaşadığımız zəlzələdən daha böyük idi. Üstəlik 11 ıəhərimiz ayrı-ayrılıqda bundan zərər gördü. Xalqımız bu zəlzələləri “əsrin fəlakəti” adlandırdı.
Axtarış-xilasetmə personalından təhlükəsizlik qüvvələrinə, tibb işçilərinə qədər hər kəs bu prosesdə fövqəlbəşəri bir səy göstərdi. Ancaq həm yaşanan fəlakətin miqyasını, həm də ilk andan zəlzələ bölgəsində həyat xilas edənlərin zəhmət və fədakarlığını görməməzlikdən gəlmək istəyənlər var. Dövlətimiz var gücü ilə zəlzələ qurbanlarının yaralarını sarıyır. Vətəndaşlarımız da AFAD başda olmaqla, yardım fəaliyyəti həyata keçirən qurumlara maddi və humanitar dəstəyini əsirgəmir. Biz həqiqətən də bu çətin dövrdə Türkiyənin dövləti və milləti ilə birliyini, bütövlüyünü açıq şəkildə nümayiş etdirdik. Hazırda hökumətimizin vətəndaşlarımızın ehtiyaclarını ödəmək və zəlzələdən zərər çəkmiş şəhərlərimizi yenidən qurmaqdan başqa prioriteti yoxdur”, - deyib.
Türkiyədə seçkilərin təxirə salınması məsələsinin gündəmdə olub-olmaması ilə bağlı suala isə Altun belə cavab verib: “Belə bir gündəmimiz yoxdur. Hal-hazırda bir nömrəli prioritetimiz yaraları bir an əvvəl sağaltmaqdır. Zəlzələ nəticəsində həyatini itirənlər və yaralılarımız var. Bizim yeganə qayğımız yaralananlara, yaxınlarını itirənlərə və zəlzələdən zərər çəkmiş bütün vətəndaşlarımıza dövlətin dövlətin şəfqətli əllərini uzatmaqdır. Təbii ki, kədərimiz böyükdür. Amma biz bu ağır günlərdən dövlət-millət birliyi ilə çıxacağıq”.
Altun axtarış-xilasetmə prosesində Twitter-in işləməməsi və ya zəif işləməsi ilə bağlı müzakirələrlə bağlı qeyd edib ki, dezinformasiya ilə mübarizənin son illərdə təkcə Türkiyədə deyil, bütün dünyada prioritet məsələyə çevrilib. Bu çərçivədə Twitter kimi qlobal şirkətlərin dövlətlərlə necə əlaqə qurması lazım olduğunun da müzakirə edildiyinə diqqət çəkən Türkiyə rəsmisi zəlzələdən sonra sosial şəbəkələr vasitəsilə çox sayda saxta məalumatlar aşkar etdiklərini bildirib.
“Bunun məqsədli şəkildə olub-olmadığını və ya axtarış-xilasetmə işlərini sabotaj etmək istəyən daxili və xarici ünsürlər tərəfindən edilib-edilmədiyini araşdırırıq. Buna görə də inzibati qərar verildi. Twitter də narahatlığımızı anladığını bildirdi və konkret addımlar ataraq narahatlıqlarımızı aradan qaldırdı. Məhdudiyyətlər bir neçə saat sonra aradan qaldırıldı”, - deyə o qeyd edib.
“Mart ayında zəlzələ bölgələrində binaların tikintisinə başlanılacağı deyilir. Bu, real vəddirmi?” sualına cavabında Altun deyib:
“Bu, şübhəsiz ki, real hədəfdir. Çünki Türkiyə Cümhuriyyəti güclü dövlətdir. Onun ciddi potensialı var. Əslində söhbət dünyanın hər yerində təhlükəsiz binalar tikən, nəhəng layihələrə imza atan bir ölkədən gedir. Ən əsası isə Türkiyənin prezidentimiz kimi güclü lideri var. Təəssüf ki, hökumətin atdığı hər addımı tənqid etməyi siyasət və ya ziyalılıq hesab edənlər var. Bizim onların hər tənqidinə cavab verərək itirməyə vaxtımız yoxdur. Daha əvvəl yaşanan fəlakətlərdə vətəndaşlarımızı çətin vəziyyətdə qoymadığımız kimi, bu gün də tez bir zamanda yaraları sağaldacağıq. Vətəndaşlarımızı təhlükəsiz və keyfiyyətli sığınacaqlarla təmin edəcəyik”.
Yunanıstanın ilk andan etibarən həm dəstək mesajı yayımladığı, həm də axtarış-xilasetmə qrupu ilə işlərə qoşulduğu xatırladılaraq, bunun Türkiyə-Yunanıstan münasibətlərində “yeni səhifə” açıb-açmayacağı barədə isə F.Altun Türkiyənin ilk böyük zəlzələdən dərhal sonra beynəlxalq yardım çağırışı etdiyinə və bu çərçivədə onlarla ölkədən axtarış xilasetmə qruplarının Türkiyəyə gəldiyinə, bu ölkələr arasında Yunanıstanın da olduğuna diqqət çəkərək sözlərinə belə davam edib:
“Təbii ki, biz Yunanıstana və dəstək verən bütün ölkələrə minnətdarıq. Yunanıstanla münasibətlərimiz haqqında onu deyə bilərəm ki, biz həmişə bütün qonşularımızla yaxşı münasibətlərdə olmaq istəyirik. Dövlətlər arasında bəzən fikir ayrılıqlarının olması təbii haldır. Bu fikir ayrılıqlarını beynəlxalq hüquqa uyğun mənalı və səmimi dialoq və əadlət zəminində həll etməliyik. Türk milləti heç vaxt ona uzadılan dost əlini havada qoymayıb”.