Xəbər verdiyimiz kimi bu gün prezidenti İlham Əliyev Bakıda 1 saylı “ASAN kommunal” Mərkəzinin açılışında iştirak edib və Biləcəri stansiyasında səyyar “ASAN qatar”la tanış olub. Dövlət başçısı çıxışında Bakıda “ASAN kommunal” mərkəzinin açılışını gözəl təşəbbüs olaraq qiymətləndirib:
“Bu gün Bakıda “ASAN kommunal” mərkəzi açılır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu ilin may ayında mən müvafiq Fərman imzalamışam. Fərmana əsasən, “ASAN kommunal” mərkəzləri yaradılmalı idi. Birinci mərkəz artıq fəaliyyətə başlayır. Mənə verilən məlumata görə, yaxın gələcəkdə növbəti mərkəz də açılacaq. Bu, çox gözəl təşəbbüsdür, növbəti layihədir.
“ASAN xidmət” öz fəaliyyətini genişləndirir. “ASAN xidmət”, o cümlədən “ASAN kommunal” mərkəzlərində ən yüksək xidmət göstərilir və göstəriləcək. Bina da çox yaraşıqlıdır, çox gözəldir. Vətəndaşlar üçün də yaxşı şərait yaradılıb. Həm burada işləyənlər, həm də vətəndaşlar üçün yaxşı şərait yaradılıb. Bu, ölkəmizin müasirliyini, inkişafını göstərir, bizim siyasətimizi əks etdirir.
Bildiyiniz kimi, bu yaxınlarda mənim göstərişimlə kommunal tariflərin həcminə düzəlişlər edilibdir. Bu da sırf sosial yanaşma idi. Çünki növbəti düzəlişdən sonra artıq vətəndaşların 75-80 faizi işıq və qaz pulunu köhnə tariflərlə ödəyəcək. Yəni, bu, o deməkdir ki, əhalimizin əksəriyyəti bu dəyişikliyi hiss etməyəcək, əksinə, görülmüş tədbirlər nəticəsində vətəndaşların sosial müdafiəsi gələn il daha da möhkəmlənəcək.
Bu, sosial ədalət prinsipidir. İmkanlı, varlı insanlar, böyük evlərə, villalara sahib olan vətəndaşlar daha çox ödəməlidirlər. Kiminsə imkanı azdır və ya məhduddur, yaxud da ki, orta təbəqənin nümayəndələridir, onlara dövlət daim güzəştlər edir. Hətta artırılmış tariflərin səviyyəsi qonşu ölkələrdə mövcud olan tariflərdən bir neçə dəfə aşağıdır. Buna baxmayaraq, yenə də qeyd etmək istəyirəm, biz növbəti addımı ataraq sosial müdafiəni daha da gücləndirmişik.
“ASAN xidmət” təşəbbüsü də sosial xarakter daşıyır. Çünki bu, vətəndaşlara göstərilən xidmətdir. Vətəndaşlar bu xidmətdən istifadə edərək heç bir çətinlik çəkmirlər. Təsadüfi deyil ki, “ASAN xidmət”in bəyənilmə əmsalı təxminən 100 faizə yaxındır. Yəni, bu, camaatın, insanların bu xidmətə verdikləri qiymətdir. Son bir neçə il ərzində 13 milyon müraciət olmuşdur. Yəni, bu, doğrudan da ölkəmizdə geniş vüsət alıb. Həm “ASAN xidmət”in coğrafi əhatəsi genişlənir, həm də funksiyaları artır. Artıq bizim 11 mərkəzimiz var. Onlardan altısı bölgələrdə yerləşir. Gələn il Quba və Mingəçevir şəhərlərində iki yeni mərkəz açılacaq. Gələn il, eyni zamanda, digər iki şəhərimizdə - Şəkidə və İmişlidə növbəti mərkəzlərin tikintisi başlanacaq.
“ASAN səyyar” xidməti göstərilir. Bu gün biz “ASAN qatar” sistemini də işə salacağıq. “ASAN viza” artıq fəaliyyət göstərir. Mənə verilən məlumata görə, artıq bu proses başlayır və əminəm ki, gələn il çox geniş vüsət alacaq. Bu da “ASAN”ın növbəti addımıdır. Beləliklə, “ASAN xidmət” öz fəaliyyətini genişləndirir. Mən bir neçə dəfə demişəm ki, “ASAN xidmət”də mövcud olan mədəniyyət, mədəni xidmət, qayda-qanun, nizam-intizam, şəffaflıq hər bir yerdə olmalıdır. Ona görə “ASAN xidmət” hər bir sahədə öz təsirini göstərməlidir və göstərir.
Əslində, bu sistemin yaradılması ictimai xidmətlər və ictimai münasibətlər sahəsində bir inqilab idi. Bu, özlüyündə böyük bir irəliləyiş, böyük bir yenilikdir. Ancaq “ASAN xidmət”in təsiri təkcə bundan ibarət deyil, bu mərkəzlərdə göstərilən xidmətlərlə məhdudlaşmır. “ASAN xidmət”, ümumiyyətlə, vətəndaş-məmur münasibətlərinə yenilik gətirdi, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da böyük güc verdi. Yəni, göstərdi ki, rüşvətxorluqla mübarizə aparmaq və qələbə çalmaq da mümkündür. Bax, “ASAN xidmət”in mənası və əhəmiyyəti bundan ibarətdir. Vətəndaşlar da bu xidməti çox bəyənirlər və gözləyirlər ki, onların rayonlarında da “ASAN xidmət” mərkəzləri açılacaq. Biz bunu tədricən edəcəyik. Bizim planlarımıza görə, 2018-ci ildə ölkəmizdə, yəni, rayonlarda 10 mərkəz yaradılacaq. Ondan sonra bu proses daha da sürətlə gedəcək.
“ASAN viza”ya gəldikdə isə bunun yaradılması da əslində bir zərurət idi. Çünki biz çalışırıq ki, Azərbaycana daha çox turist gəlsin. Həm ölkəmizi tanısın, həm də ölkəmiz haqqında düzgün məlumat alsın. Eyni zamanda, bu, ölkə iqtisadiyyatına da böyük töhfədir. Həm otellər, həm də ictimai yerlər işləyir, deməli, ölkəmizə valyuta gəlir. Ancaq dəfələrlə eşitmişdim ki, Azərbaycana gəlmək üçün viza almaq böyük problemdir. Çünki vizalarla bağlı vəziyyət bizi qane edə bilməzdi. Həm pozuntular kifayət qədər çox idi, həm əsassız tələblər irəli sürülürdü.
Ümumiyyətlə, Azərbaycana gəlmək üçün insanlar gərək aylarla növbə tutaydılar, gedib başqa şəhərlərdə bizim səfirliklərdə, konsulluqlarda növbədə dayanaydılar, hələ onlara viza verilib-verilməyəcəyi bəlli deyildi. Ona görə bu məsələni birdəfəlik həll etmək üçün “ASAN viza” yaradıldı və indi istənilən vətəndaş üç gün ərzində Azərbaycana gələ bilər. Mənə verilən məlumata görə, bu il, - hətta “ASAN viza” hələ işə düşməmiş, - Azərbaycana gələn turistlərin sayı təxminən 10 faiz artıb. Bəzi ölkələr var ki, o ölkələrdən gələnlərin sayı 30-40 dəfə artmışdır. 2017-ci ildə bu proses daha da sürətlə gedəcək.
2016-cı ilin sonunda bu yeni mərkəzi ziyarət edərkən bir daha görürəm ki, bizim təşəbbüslərimiz bu gün reallığa çevrilir, siyasətimiz konkret işlərdə özünü göstərir. Bu, belə də olmalıdır. Düzgün göstərişlər verilib, ancaq gərək yerlərdə də onlar icra edilsin. Mən bu mərkəzlərin, - 11 mərkəzin, bu, 12-cisidir, - hamısının açılışında olmuşam. Mən bu açılışlara gəlməyimlə bu hərəkata bir daha öz dəstəyimi göstərirəm və sizin fəaliyyətinizə yüksək qiymətimi ifadə edirəm.
Əlbəttə ki, biz “ASAN xidmət”i könüllülər hərəkatından ayıra bilmərik. Bu da bir yenilikdir. “ASAN” yaranana qədər Azərbaycanda könüllülər hərəkatı olmamışdır. Biz könüllülər haqqında eşitmişdik. Ancaq könüllülər hərəkatı nədir, onu bilmirdik. Bu gün artıq bu hərəkat Azərbaycanda yaşayır. Mənə verilən məlumata görə, 10 min gənc artıq könüllü kimi “ASAN xidmət” mərkəzlərində işləyib və bu insanların bir çoxu bu gün müxtəlif vəzifələrdə, müxtəlif işlərdə ölkəmizin gələcək inkişafı üçün çalışırlar. Hazırda bütün bu mərkəzlərdə 700-dən çox könüllü fəaliyyət göstərir. İki il bundan əvvəl mən könüllülərin birinci toplantısında onlarla görüşmüşdüm.
Nəhayət, bu mərkəzlərin bir xüsusiyyəti də var ki, burada iş yerləri açılır. Bu mərkəzdə təxminən yüzə qədər yeni iş yeri açılır. İşləyənlərin demək olar ki, hamısı gənclərdir və onların əksəriyyəti qadınlar, qızlardır. Bu da məni çox sevindirir. Çünki bizdə qadınlar da işlə təmin olunmalıdırlar. Beləliklə, biz həm işsizliklə bağlı uğurla mübarizə aparmış oluruq, həm də ki, qadınlar cəmiyyətimizin fəal üzvləri kimi dövlətimizə xidmət göstərmiş olurlar.
Mən sizi bu mərkəzin açılışı münasibətilə təbrik edirəm. Qarşıdan gələn Yeni il bayramı, Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibətilə sizi təbrik edirəm və yeni uğurlar arzulayıram”.(AzerTac)
MilliYol.Az
Digər xəbərlər
loading...