Müasir Müsavat Partiyası ( MMP)Xocalı soyqırımının 31-ci il dönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edib.
Müraciətdə deyilir:
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı baş verdi. Həmin gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi. Onlar dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdular.
Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular.
Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü. Eyni zamanda Xocalı şəhəri işğalın nəticəsində xarabalığa çevrildi. İşğalın nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb.
XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, soyqırım bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınıb. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb.
Ən əsası isə 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə Xocalı şəhidlərimizin də qisasını almış oldu. Ordumuz və ali baş komandanımız şəhidlərimizin qanını yerdə qoymadı.
Azərbaycan həmişə sülh, əməkdaşlıq tərəfdarı olub, bunu öz mövqeyi və fəaliyyəti ilə dəfələrlə sübut edib. Lakin heç bir cinayət cəzasız qalmamalıdır. Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı bərabəri olmayan bir vandalizm aktıdır. Təəssüflər olsun ki, 31 il keçməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət tərəfindən bu qanlı faciəyə lazımi hüquqi qiymət verilməyib, cinayəti törətmiş şəxslər hələ də məsuliyyətə cəlb edilməyib.
Xocalı soyqırımı, təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə, insanlığa qarşı törədilmiş tarixi bir cinayətdir. Buna görə də bu qanlı cinayətin təşkilatçıları və icraçıları – Ermənistanın keçmiş siyasi və hərbi rəhbərliyi beynəlxalq hüquq qarşısında cavab verməli və öz layiqli cəzalarını almalıdırlar.
Biz beynəlxalq təşkilatları və dünya ictimaiyyətini insanlıq əleyhinə törədilmiş Xocalı soyqırımına biganə qalmamağa, belə cinayətlərin bir daha yer üzündə təkrarlanmaması üçün Xocalıya ədalətin təmin edilməsi yönündə Azərbaycanın təşəbbüslərini dəstəkləməyə, birlik və həmrəylik nümayiş etdirməyə çağırırıq”.
Milliyol.az