Almaniyanın Münhen şəhərində təşkil olunan 59-cu Münhen Təhlükəsizlik Konfransı başa çatdı...
Münhen görüşündə müasir xarici siyasət və beynəlxalq təhlükəsizliyin ən aktual məsələləri müzakirə edildi. 800 nəfərdən çox rəsmi dəvət olunmuş iştirakçının qatıldığı bu görüşdə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı 40-dan çox dövlət və hökumət başçıları da iştirak edirdilər. Eyni zamanda xarici işlər, digər sahələr üzrə nazirlər, Avropa İttifaqı Şurasının prezidenti, Avropa Komissiyasının prezidenti, BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri, NATO, ATƏT, Ərəb Dövlətləri Liqası və digər dövlətlərarası təşkilatların baş katibləri də iştirak edirdilər.
Bildiyimiz kimi Azərbaycan MTK-nın illik görüşlərində müntəzəm olaraq dövlət başçısı və ya digər səviyyələrdə fəal iştirak edir. Bu dəfəki Münhen görüşündə də Azərbaycan öz haqlı mövqeyində dayandığını sübut etdi. Prezident keçirdiyi görüşlərdə, etdiyi çıxışlarda ölkəmizin haqq mövqeyindən çıxış etdi. Dövlət Katibi Entoni Blinkenin iştirakı ilə Əliyev və Paşinyan arasında görüş baş tutdu. Bununla da rəsmi Bakı bir daha Brüsseli və ya Vaşinqtonu bu məsələdə daha vacib gördüyü mesajını verdi.
MTK ən diqqətçəkən məqamı Prezident İlham Əliyev “Dağları aşmaq? Cənubi Qafqazda Təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda iştirak etməsi oldu. Paneldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, ATƏT-in baş katibi, Münhen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid iştirak etdilər. Bu müzakirələrdə də İlham Əliyev bütün sualları dolğun və daha ətraflı, faktlarla cavablandırdı.
Nəticə etibarı ilə deyə bilərik ki, Münhen Təhlükəsizlik Konfransı Azərbaycanın beynəlxalq arenada sıxışdırılması barədə iddiaların əsassız olduğunu sübut etdi. Bütün qapıların Azərbaycanın üzünə açıq olduğu aydın şəkildə göründü.
Könül İsmayılova - Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nin Siyasi Şurasının və İH-nin üzvü
Milliyol.az