Aktyor Azər Aydəmir ssenaristi olduğu "Əqrəb mövsümü” serialını plagiat adlandıranlara cavab verib.
MilliYol.Az xəbər verir ki, sənətçi bununla bağlı feysbukda yazı paylaşıb.
O, ekran işinin türk kinematoqrafiyası ilə əlaqəsinin olmadığını bildirərək, ilhamlandığı filmləri istifadəçilərlə bölüşüb.
"Hörmətli dostlar, son aylarda həmkarlarımızın istehsal etdiyi yeni filmlərimizə marağınız və rəğbətiniz bizi stimullaşdırır, sevindirir, yeni-yeni işlər görməyə sövq edir. Obyektivliyiniz, tərifləriniz və tənqidləriniz üçün çox sağ olun. Amma şəxsimə gəlincə, müəllifi olduğum ekran işlərini nədə-nədə bənzətmədə, plagiatda ittiham etmək (bəzi şərhlərə görə gəlinən nəticə) nadanlıq və hörmətsizlikdir.
Bəli, hər bir yazar, ssenarist, kinematoqraf ömür boyu təsiri olduğu əsərlərdən ilhamlana bilər. Bu sözü lütfən yadda saxlayın. Sözsüz, mən də ilhamlanan adamam.
Birincisi, mənin yazdıqlarımın, yaxından, uzaqdan, kənardan, bucaqdan, trapdan, hətta nəfəslikdən və quş uçuşundan belə türk kinematoqrafiyası və ədəbiyyatı ilə əlaqəsi yoxdur. Ola bilməz və heç vaxt olmayacaq.
Türk kinematoqrafı bildiyiniz kimi 99,9 % etibarilə remeyklər çəkir. (Remeyk sözünün mənasını bilmirsinizsə, bu, bənzətmə və plagiat deyil. Daha yaxın, hətta birə-bir kopyalamaqdır) Siz indi həmin filmlərin orijinallarına baxmırsız və baxmamısınızsa, burada qədim tarixi və siması olan Azərbaycan kino yaradıcılığının və şəxsən mənim günahım yoxdur.
"Əqrəb Mövsümü”nün yazılmasında ilham mənbəyi olaraq aşağıdakı filmlər qərar almışdır:
Əvvəla film "Əqrəb” romanının motivləri əsasında (C. Hidayətli) senarilişdirilib. Yazı prosesində isə "Seven” (1997), "Mindhunter” (2017), "True Detective” (2013), "The Bone Collector” (1998), "Ressurection” (1999), "Primal Fear” (1997), filmləri ilham mənbəyim olub”, - deyə, Aydəmir qeyd edib.