Sumqayıt Şəhər Bələdiyyəsində müəmmalı olaylar baş verir.
Qaynarinfo-ya daxil olan məlumata görə, bələdiyyə sədri Sərviz Süleymanov işə çıxmır. İddia olunur ki, sədr artıq 6 aydır vəzifəsini icra etmir. Onu şəhər bələdiyyəsinin üzvü Orxan Adıgözəlzadə əvəz edir. Müavinlik isə digər üzv Nərmin Mehdiyevaya həvalə edilib.
Sərviz Süleymanovun işə çıxmamasının səbəbi bəlli deyil. Bəzi iddialara görə, o, şəhər rəhbərliyi ilə aralarında yaranan ziddiyyətlərdən dolayı etiraz əlaməti olaraq işə çıxmır. Lakin bu iddia bir qədər əsassız görünür. Çünki Sərviz Süleymanovun icra başçısı Zakir Fərəcovla qohumluq əlaqələrinin olduğu deyilir. Elə bu səbəbdəndir ki, Zakir Fərəcov Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra onu özünə müavin təyin etmişdi. O, Sumqayıta rəhbərlik etməyə başlayandan sonra isə Sərviz Süleymanovun da bələdiyyə sədri olmasına dəstək verib.
Yeri gəlmişkən, Sumqayıtın ilk bələdiyyə sədri Zakir Fərəcov olub.
Sərviz Süleymanovun işə çıxmaması səhhəti ilə əlaqədar ola bilər. Lakin bəzi məlumatlarda onun bu addımı bələdiyyədə yoxlamaların aparılması ilə izah edilir. Bu barədə rəsmi məlumatın olmaması yoxlamalar barədə xəbərlərin də səhihliyinə şübhə yaradır.
Beləliklə, Sərviz Süleyamnovun işə çıxmaması müəmma olaraq qalır. Məsələyə aydınlıq gətirmək üçün Sumqayıt Şəhər Bələdiyyəsinin telefon nömrələrinə zəng vursaq da, qurumla əlaqə yaratmaq mümkün olmayıb.