Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin ikinci dəstə generalları – Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və əməkdaşlarının cinayət işləri üzrə məhkəmə prosesi başlamaq ərəfəsindədir.
“Qafqazinfo”nun cinayət işinin materiallarından əldə etdiyi məlumata görə, generalların ittiham olunduğu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək vəzifəli şəxslərindən hər ay külli miqdarda rüşvət alınması epizodu üzrə keçmiş nazir Əli Abbasov ifadə verib.
Ə.Abbasov şahid qismində dindirilərək MTN generalları S.Qurbanov və T.Quliyevə hər ay “paket” verdiklərini etiraf edib, bunun səbəbi kimi isə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovdan qorxduğunu deyib.
Əli Abbasov E.Mahmudovla 2002-ci ildən tanış olduğunu bildirib: “Mən İqtisad Universitetinin rektoru vəzifəsində işlədiyim vaxt Eldar Mahmudov bacısı qızının bizim universitetdəki təhsil problemi ilə bağlı mənə müraciət etmişdi. Ondan sonra şəxsən tanış olduq. 2004-cü ildə Eldar Mahmudov Milli Təhlükəsizlik naziri təyin olunduqdan sonra bir dəfə onun təşəbbüsü ilə xidməti otağında görüşüb daxili və xarici rabitənin təhlükəsizliyinin təmin edilməsi, rabitə kanallarının yenidən qurulması məsələlərini müzakirə edib razılığa gəldik. Təxminən 2006-2007-ci illərdə yenə onun xahişi ilə xidməti otağında görüşüb beynəlxalq rabitə kanallarının təhlükəsizliyi ilə bağlı müzakirələr apardıq. Müzakirənin əsas predmeti ölkəyə daxil olan və çıxan danışıqların təhlükəsizliyinin qorunması, eyni zamanda zərurət yaranacağı təqdirdə danışıqlara MTN tərəfindən qulaq asılmasının mümkün olması təşkil etdi. Eldar Mahmudovla bir neçə dəfə görüşüb birlikdə müəyyən məsələləri müzakirə etsək də, onun mənim işlərimə müdaxilə etmək cəhdlərini görüb yaxın münasibət saxlamamağa çalışdım”.
Ə.Abbasov özünün təyin etdiyi adamı E.Mahmudovun “müxalifətçi” elan etdiyini və məcburən geri addəm atdığını deyib: “Mən 2004-cü ildə Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsinə təyin olunduqdan sonra Bakı telefon rabitəsi istehsalat birliyinin baş direktoru vəzifəsinə Nəriman Salmanovu təyin etdim. Bundan sonra Eldar Mahmudovla görüşlərim zamanı bir neçə dəfə bu təyinatdan narazılığını bildirdi. Mənə dedi ki, Nəriman Salmanov onların əməliyyat təminatı üçün müəyyən çətinliklər yaradır. Sonradan Eldar Mahmudovun ölkə rəhbərliyinə Nəriman Salmanovun guya hansısa müxalifət liderləri ilə yaxın əlaqələrinin olması ilə bağlı məlumat çatdırdığını bildim. Mən də məcburiyyət qarşısında qalıb 2005-ci ildə Nəriman Salmanovun vəzifədən azad etdim”.
Bundan sonra isə rabitə naziri baş çekistin əmrlərini icra etməyə başlayıb: “Ardıyca da Eldar Mahmudovun təkidi ilə Beytulla Hüseynovu Bakı telefon rabitəsi istehsalat birliyinin baş direktoru vəzifəsinə təyin edilməsi ilə bağlı əmr verdim. Təxminən 6 ay sonra Beytulla Hüseynovun təşkilatçılığı ilə Eldar Mahmudovla ona məxsus “Kristal Plazada” yerləşən restoranda görüşüb birlikdə yemək yedik. Daha sonra Eldar Mahmudovun xahişi ilə əmisi oğlu Mahmud Mahmudovu 2008-ci ildə “Azərpoçt MMC”-nin tərkibində olan “Mərkəzi xüsusi rabitə idarəsinin” direktoru vəzifəsinə təyin etdim. Eyni zamanda beynəlxalq rabitə kanalları ilə əlaqənin bilavasitə Eldar Mahmudovun xahişi ilə onun təklif etdiyi “Qotburq” şirkəti vasitəsi ilə həyata keçirildi”.
Sabiq MTN nazirinin növbəti tələbi isə aylıq xərac ödənilməsi olub: “2012-ci ildə Eldar Mahmdovun xahişi ilə beynəlxalq rabitənin təhlükəsizliyinin təminatı ilə əlaqədar xərclərinin bir qisminin ödənilməsi üçün həmin vaxtdan 2015-ci ilin oktyabr ayınadək MTN-nin baş idarə rəisi Sübahir Qurbanova hər ay 100.000 ABŞ dolları məbləğində pul verilməsi barədə nazirliyin aparat rəhbəri Vidadi Zeynalova göstəriş verdim. Vidadi Zeynalov da hər ay Sübahir Qurbanovun sürücüsünə 100 min dollar verirdi. 2013-cü ilin ortalarında Vidadi Zeynalov mənə dedi ki, MTN-nin baş idarə rəisi Teymur Quliyevə də xərclərinin qarşılanması üçün aylıq pul verməliyik. Teymur Quliyevə hər ay 50.000 dollar verilməsinə razılıq verdim.
Hər ay nazirliyin tabeliyində olan müxtəlif təşkilatlardan aylıq 800-900 min manat pul yığılırdı, həmin pullar hamısı Vidadi Zeynalovda toplanırdı, Sübahir Qurbanov və Teymur Quliyevə də həmin vəsaitlərdən pul verilirdi. Sübahir Qurbanovu 2012-ci ildə sabiq nazir Eldar Mahmudovun xahişi ilə xidməti otağımda qəbul etdikdən sonra tanımışam, onunla cəmi bir dəfə görüşmüşəm. Rabitə və Yüksək Texnologiyalar Nazirliyində əməliyyat təminatı onun rəhbərlik etdiyi baş idarənin kuratorluğunda idi. Teymur Quliyevin idarəsi ilə bizim nazirlik arasında ümumi fəaliyyət olmasa da, gələcəkdə bizim işimizə ciddi problemlər yaratmamaları üçün ona da pul verilməsinə razılıq verdik”.
Əli Abbasov Eldar Mahmudovdan qorxduğu üçün xərac verməyə razıl olduğunu etiraf edib: “Eldar Mahmudovun tələb etdiyi pul vəsaitini verməməklə özümüzə əlavə, lüzumsuz intriqa yaradacağımızı düşündük. Eldar Mahmudov mənim və rəhbərlik etdiyim nazirliyin fəaliyyəti ilə əlaqədar süni şəkildə nöqsanlar yaradıb ölkə rəhbərliyinə məruzə edə bilməsindən və ya mövcud olan hər hansı xırda nöqsanı ictimailəşdirməklə nüfuzuma xələl gətirə bilməsindən ehtiyat etdiyim üçün onunla prinsip, qarşıdurma yaratmaq istəmədim və hər ay MTN-ə pul verməyə məcbur oldum.
MTN əməkdaşları bizə müraciət etmədən də avtomatlaşdırılmış telefon şəbəkələrində danışıqlara qulaq asa bilirdilər. Amma paytaxtın təmxinən 60 faizi avtomatlaşdırıldığı üçün digər şəbəkələrdəki telefon danışıqlarına qulaq asılması üçün mütləq ATS əməkdaşları fiziki müdaxilə etməli idi. Amma bununla bağlı iki nazirlik arasında rəsmi müqavilə imzalanmamışdı. Qovşaqların “Kross” sexində MTN əməkdaşları tərəfindən danışıqlara qulaq asılması haqda məlumatım yoxdur. Beytulla Hüseynovun xidməti otağında 34 ədəd telefon yuvasının olmasından xəbərsizəm. Onun otağındakı yuvalar ATS-lərin “Kross”una birləşdirilibsə, istənilən şəxsi dinləyə bilib”.
Qeyd edək ki, E.Mahmudov 2015-ci il oktyabrın 17-də, Ə.Abbasov isə həmin ilin noyabrın 12-də tutduqları vəzifədən azad olunublar. Ə.Abbasovun barəsində danışdığı “Qotburq” (Cartburg) şirkəti E.Mahmudovun oğlu Anar Mahmudova məxsus olub.
MilliYol.Az
Digər xəbərlər
loading...