"Rəşad da bizim evdə böyüyən uşaqdır. Onun barəsində heç nə danışmıram. Onun mənə verəcək sualı, cavabı yoxdur. Çünki o dörd divar arasındadır, qolu bağlıdır".
Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Ələkbər Yasamallı TikTok-da canlı yayımda olarkən deyib. O, qohumunu qətlə yetirməkdə təqsirli bilinən həmkarı Rəşad Dağlı ilə bağlı sualları cavablandırıb. Ələkbər bildirib ki, Rəşadla görüşməyi düşünür:
"Nə vaxtsa görüşəcəyik, üzbəüz gələcəyik, yəqin mənə sözü olacaq. Ya da mənim ona deyəcək sözüm olacaq. Düşmənçilik ediriksə, kişi kimi düşmənçilik edək. Bir insanın mənə cavab vermək imkanı yoxdursa, nə gəldi döşəyim? Bu, bizə yaraşmaz. Yaxşı olar, inşallah".
Qeyd edək ki, tanınmış meyxanaçı Rəşad Dağlı qonşusu İskəndər Mehtiyevi qətlə yetirməkdə təqsirləndirilir. Qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.