“Ölkəmizin informasiya sahəsini psixoloji müharibə ünsürlərinə bağlamaq üçün böyük mübarizə aparırıq”.
MilliYol.Az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.
Fəxrəddin Altun daha sonra deyib:
“Gözəl vətənimizin tarixin ən böyük təbii fəlakətlərindən biri ilə sarsılmasından on gün keçib. Dağıntılar altından ancaq uzun mübarizələrlə xilas edə bildiyimiz canlarımız qəlbimizi ağırlaşdıran bu böyük ağrıya bir təsəlli olur. Bu əziz xalqın tarixi az qala yenidən yazan həmrəylik və birlik ruhunu yaşatmaq üçün böyük fəlakətin baş verdiyi ilk andan dayanmadan çalışmağa davam edirik.
Millətimizin hər böyük sınaqdan hansı ruha söykənərək çıxdığını, hər dəfə külündən necə doğulduğunu bilərək, bu ruha hücum edənlərə fürsət verməmək üçün ölkəmizin informasiya sahəsini psixoloji müharibə ünsürlərinə bağlamaq üçün böyük mübarizə aparırıq. Bu nəcib xalqın fədakarlığının yanında bizim gördüyümüz işlərdən bəhs etməyə belə dəyməz və biz bunu yaxşı bilirik.
Millətimizin dirçəliş enerjisinə zərər verməmək üçün dövrün yeni meydan oxumaları da daxil olmaqla, hər cür yalan xəbər, təxribat və dezinformasiya ilə mübarizə apardığımız bir zamanda Türkiyənin düşmənlərinin gördüyümüz işlərdən necə narahat olduğunu yaxından görürük.
Təəccüblənmədiyimiz, ancaq şahidi olduğumuz üçün əzab duyduğumuz başqa bir məqam isə odur ki, böyük bir təbii fəlakət zamanı belə müəyyən qruplar müxalifət adı altında dezinformasiyaya legitimlik qazandırmağa çalışır və ölkəmizə qarşı psixoloji müharibə aparatına çevrilir.
Bütün bunların üzərinə mübarizəmizdən narahat olan və bu böyük fəlakətdən prezidentliyə namizədliyini irəli sürməyə çalışan bir siyasətçinin ölkəmizin kommunikasiya sahəsinin keşiyində dayanan Kommunikasiya İdarəmizi səviyyəsiz bir şəkildə hədəf almasi əlavə olunub.
Belə bir qiyamət mühitində ibtidai məktəb çağı küçə yumoru ilə ortaya atılan iddiaların müxalifət lideri tərəfindən uydurulması təəssüf doğurur. Çünki bu gün ölkəmizin dərdini çəkən heç kimin belə işlərlə məşğul olmağa nə həvəsi, nə də vaxtı var.
Çox təəssüf edirik ki, belə fövqəladə bir zamanda əziz millətimizi belə bir gündəmlə məşğul edirlər.
Dövlətimiz bütün qurum və təşkilatları ilə millətimizlə əl-ələ verib bu çətin prosesin öhdəsindən gəlmək üçün çalışır və bütün lazımi addımları atır ki, ölkə olaraq yenidən ayağa qalxaraq əvvəlkindən də güclü olaq".