"Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) "Şimal Servis” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 898 833.2 AZN təşkil edən müqavilədə "Azərsu” ASC-nin daxili vəsaitləri hesabına tikinti mal-materiallarının satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Şimal Servis” QSC 27 iyul 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 557 000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Mərkəzi Bulvar küçəsi, ev 5-də yerləşir. QSC-nin qanuni təmsilçisi isə Züfüqarov Fuad Zülfüqar oğludur.
"Şimal Servis” QSC haqqında açıq mənbələrdə hər hansı məlumat yoxdur. Fuad Zülfüqarova gəlincə, o, "MET-AK” MMC-də maliyyı direktoru vəzifəsində işləyib. Bu şirkətin təsisçisi Alik Kərimovdur. O, Fuad Zülfüqarovun dayısıdır.
Fuad Zülfüqarovun adı "MTN işi”dən də keçir. O, bu işdə zərərəçəkən qismində tanınıb. Fuad Zülfüqarov ifadəsində bildirib ki, MTN generalı Akif Çovdarovun rəisi olduğu Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin işçisi polkovnik-leytenant Akif Əliyev ona mütəmadi olaraq zəng vurub, nazirliyə çağırmağa başlayıb. Səbəb olaraq isə bəzi maliyyə məsələlərini aydınlaşdırmaq lazım olduğunu deyib.
"Akif Əliyev mənə dedi ki, uzun illərdir işləyirsiz, pul qazanırsınız, ancaq nazirimizi indiyə qədər saymamısız. Bir dəfə də olsun əldə etdiyiniz gəlirdən Eldar Mahmudova pay ayırmamısız" deyən zərərçəkən ondan 50 min manat tələb edildiyini söyləyib.
Fuad Zülfüqarov isə bu pulu ancaq dayısının verə biləcəyini bildirib. Dayısı qərar gəlib ki, 10 min verilsin. Akif Əliyevlə növbəti görüşdə bu məbləğ ona çatdırılıb.
Zülfüqarovun dayısı Alik Kərimov isə məhkəmə istintaqı zamanı verdiyi ifadədə bildirib ki, həmin vaxt MTN-də işləyən Natiq Alıyev onun oğlunu oğurlatdırıb:
"Oğlumu oğurladılar. Məndən 50 min tələb etdilər. Mən Akif Çovdarovdan bu işə görə kömək istədim. Mənim şikayətim Natiqdən idi. Ancaq istintaqda necə oldusa, belə göstərilib".